“Bu gün böyük problemlərdən biri müharibənin dayanması deyil, müharibədən necə çıxmaq məsələsidir. Mahiyyət etibarilə, indiyədək həyata keçirilən hərbi əməliyyatlar İran iqtisadiyyatına ziyan vursa da, ölkənin enerji və hərbi sektorlarını tamamilə sıradan çıxarmayıb. Buna görə də təhlükə hələ də qalır”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputat Elçin Mirzəbəyli deyib:

“İranın ballistik raket imkanları uzaq məsafəli zərbələr endirmək baxımından geniş olmasa da, yaxın və orta məsafələrdə zərbə endirmək potensialı var. Bundan başqa, İranın ucuz pilotsuz uçuş aparatlarından istifadə etməsi də bölgə dövlətləri üçün ciddi təhlükə yarada bilər.
Digər tərəfdən, ABŞ-nin mövcud vəziyyətdən heç-heçə ilə çıxması ölkənin yalnız Yaxın Şərqdə deyil, bütövlükdə dünyadakı mövqeyinə və nüfuzuna zərbə vura bilər. ABŞ-nin bu vəziyyətdən daha az itki ilə çıxması üçün İranın təklifləri əsasında hərbi əməliyyatların dayandırılması və ortaq razılaşmanın əldə olunması hazırkı şəraitdə real görünmür.
Nüvə proqramı və xüsusilə sanksiyaların tamamilə ləğvi məsələsinə gəlincə, hesab edirəm ki, bunu hətta Tramp administrasiyasının belə həyata keçirməsi asan olmayacaq. Çünki bu məsələlər sonda ABŞ Konqresində müzakirə olunmalı və müvafiq qərarlar orada qəbul edilməlidir. Bu baxımdan, indiki şəraitdə konkret proqnoz vermək çətindir”.
Deputat hesab edir ki, ABŞ-də keçiriləcək seçkilərin nəticələrindən asılı olaraq Trampın bundan sonrakı addımlarını müəyyənləşdirmək mümkün ola bilər.
“Eyni zamanda, İsraildəki vəziyyəti də nəzərə almaq lazımdır. Bəzən belə bir fikir səsləndirilir ki, Netanyahu mövcud vəziyyətdən istifadə edərək müharibəni uzatmaq üçün yeni hərbi əməliyyatlara başlaya bilər.
Məncə, bu ehtimal yüksək deyil. Bununla belə, belə bir ehtimal tamamilə istisna da edilə bilməz”,-deyə deputat əlavə edib.
Şəbnəm











