2027-ci ildə işsizlikdən sığorta ödənişləri üçün 36 milyon manat ayrılması planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bu barədə İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsində qeyd edilib.
Haqqı ödənilən ictimai işlərin təşkili üçün isə 3 milyon 800 min manat nəzərdə tutulur.
Bundan əlavə, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətin müştərək maliyyələşdirilməsinə 50 milyon manat yönəldilməsi planlaşdırılır.
Fondun gəlirləri 268 milyon 900 min manat proqnozlaşdırılır. Gələn ilin xərclərinin maliyyələşdirilməsi üçün əvvəlki dövrdə istifadə olunmamış vəsaitdən də 50 milyon 300 min manat cəlb edilməsi nəzərdə tutulur.
Həmçinin 2027-ci ildə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvotadan əlavə iş yerlərinin yaradılmasına 1 milyon manat ayrılması nəzərdə tutulur.
Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi üçün ayrıca 2 milyon manat proqnozlaşdırılır.
Qanunda əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan digər aktiv məşğulluq tədbirlərinə isə 1 milyon manat yönəldilməsi planlaşdırılır.











