Obama demokratların qələbəsindən danışdı: “Amerika xalqı açıq mesaj verdi ki…

  • Müəllif: Firuzə
  • 04 Noyabr 2026 09:57

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Respublikaçılar üzərində əldə etdiyi mühüm qələbələrdən sonra ölkənin sabiq prezidenti Barak Obama bəyanatla çıxış edib.

Gununesi.info xəbər verir ki, Obama sosial şəbəkə hesabında paylaşdığı bəyanatda seçkilərin nəticələrini şərh edərək Amerika xalqının siyasətçilərə aydın mesaj verdiyini bildirib.

“Bu axşam Amerika xalqı açıq mesaj verdi – onlar insanları bir-birindən ayıran deyil, birləşdirən siyasət və qarşılaşdıqları problemlərə konkret həll yolları təklif edən liderlər istəyirlər”, – deyə sabiq prezident vurğulayıb.

Obama qeyd edib ki, əldə olunan nəticələr ölkənin müxtəlif bölgələrində, hətta əvvəllər qələbə şansı az hesab edilən ərazilərdə belə mübarizəyə qoşulan güclü namizədlərin hesabına mümkün olub.

Onun sözlərinə görə, fərqli siyasi baxışlara və sosial mənşəyə malik namizədləri ortaq dəyərlər, ictimai xidmətə inam və təmsil etdikləri insanların maraqlarını üstün tutmaq prinsipi birləşdirib.

Sabiq prezident seçkilərin təşkilində iştirak edən hər iki partiyanın nümayəndələrinə, minlərlə seçki rəsmisinə və könüllüyə də təşəkkür edib.

Barak Obama bəyanatında qarşıdakı siyasi dövrün vəzifələrinə də toxunub. O bildirib ki, hazırkı administrasiyanın hakimiyyətdə daha iki ili qalsa da, demokratların əsas vəzifəsi mövcud imkanlardan istifadə edərək dəyişikliklərə nail olmaq, ölkəyə daha böyük zərərin vurulmasının qarşısını almaq və gələcək üçün zəmin hazırlamaqdır.

Qeyd edək ki, Demokratlar Partiyasının, xüsusilə ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda qazandığı uğurlar ABŞ-ın siyasi gündəmində diqqət çəkən hadisələrdən birinə çevrilib.

Gununesi.info