Təcrübəli müəllimlər niyə işdən kənarlaşdırılır? -RƏY

Son vaxtlar müəllimlərin işdən azad olunması ilə bağlı şikayətlər artıb. Xüsusilə uzun illər təhsil sahəsində çalışan, təcrübəli müəllimlərin müxtəlif səbəblərdən iş yerlərini itirməsi diqqət çəkir.

Elə ötən gün Şuşa Humanitar Kollecinin 16 müəllimi işsiz qaldıqları üçün redaksiyamıza müraciət edib. Onların sözlərinə görə, uzun illər pedaqoji fəaliyyətlə məşğul olsalar da, pensiya yaşına az qalmış işdən azad ediliblər. Müəllimlər bildirirlər ki, buna səbəb orta təhsilli olmaları və dərs yükünün azlığı göstərilib.

BUNA DA BAX:

Şuşa Humanitar Kollecinin 16 müəllimi işsiz qalıb:

Bu vəziyyət bir sıra suallar yaradır. Uzun illər çalışan müəllimlərin gələcək taleyi necə olacaq? Onların təcrübəsindən başqa təhsil müəssisələrində istifadə etmək mümkün deyilmi? İşsiz qalan müəllimlərin yenidən işlə təmin olunması üçün hansı addımlar atıla bilər?

Məsələ ilə bağlı Gununsesi.info-ya fikirlərini bölüşən təhsil eksperti, dosent İlham Əhmədov qeyd edib ki, bu problem təkcə bir təhsil müəssisəsinə aid deyil, bir çox yerdə oxşar vəziyyətlə qarşılaşmaq mümkündür:

“Kolleclərin bağlanması, tələbə sayının azalması və müəllimlərin ixtisara salınması ciddi narahatlıq doğurur.

Bir tərəfdən kollecləri bağlamaq istəyirlər. Səbəb kimi isə həmin təhsil müəssisələrinə tələbə axınının azalması göstərilir. Universitetlərə 100-150 balla tələbə qəbul edilirsə, gənclər niyə kolleclərə üz tutsunlar? Üstəlik, kolleci bitirdikdən sonra onlara ali təhsilli olmadıqları bildirilir və bir müddət sonra işdən kənarlaşdırılmaq təhlükəsi ilə üzləşirlər. Beləliklə, tələbə axını əsasən universitetlərə yönəlir, kolleclərə maraq isə azalır.

Digər tərəfdən, universitetlərin üçillik təhsil sisteminə keçirilməsi məsələsi gündəmdədir. Universitetlərdə təhsil müddəti üç ilə endiriləcəksə, onların kolleclərdən fərqi nə olacaq? Bu da kolleclərin bağlanması ilə bağlı narahatlığı artırır. Hazırda kolleclərin sayının azalması istiqamətində meyil müşahidə olunur. Halbuki xarici ölkələrdə əksinə, bu sahənin inkişafına diqqət yetirilir.

Məsələnin digər tərəfi isə kolleclərdə yaranmış vəziyyətlə bağlıdır. Üstəlik, yaranmış durum birbaşa kolleclərin özündən asılı deyil.

Belə ki, kolleclərə tələbə sayının azlığı və dərs yükünün aşağı olması ilə bağlı iradlar bildirilir. Eyni zamanda, ali təhsilli müəllimlərə dərs saatları verilir, orta ixtisas təhsilli müəllimlərə isə dərs çatmır. Nəticədə həmin müəllimlər ixtisara salınırlar.

Bütün bunlar uzunmüddətli təhsil siyasətinin və aydın təhsil strategiyasının olmamasından, düzgün planlaşdırma və kadr siyasətinin aparılmamasından irəli gəlir. İllər ərzində buraxılan səhvlər və yol verilən nöqsanlar nəticədə belə gərgin vəziyyət yaradıb.

Bu vəziyyətdən çıxış yolunu ilk növbədə nazirlik özü müəyyənləşdirməlidir. Hər hansı qərar qəbul edilərkən insanların gələcək taleyi də nəzərə alınmalıdır. Təəssüf ki, bu məsələyə lazımi diqqət yetirilmir. Artıq məktəblərdə sertifikasiya adı ilə 30 min müəllimin işdən kənarlaşdırıldığı bildirilir. Ancaq heç kim həmin müəllimlərin bundan sonra harada işləyəcəyi, necə dolanacağı və sosial vəziyyətinin necə olacağı ilə maraqlanmır. Müəllimləri işdən kənarlaşdırmaqla məsələ həll olunmur.

Təbii ki, bütün bunlar insanların sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir. İşsizliyin, kasıblığın və yoxsulluğun artmasına səbəb olur. Təhsil Nazirliyi isə bu məsələlərə lazımi diqqət yetirmir. Əsas diqqət ixtisarlara və büdcə xərclərinin azaldılmasına yönəldilir.

Bu vəziyyətdən çıxış yolunu indidən dəqiq göstərmək çətindir. Bunun üçün xüsusi araşdırma və tədqiqat aparılmalıdır. Məsələni dərindən öyrənmədən hansısa çıxış yolu təklif etmək düzgün olmaz, hətta yanlış nəticələrə gətirib çıxara bilər.

Adətən belə hallarda işini itirmək təhlükəsi ilə üzləşən şəxslərə yeni ixtisas kursları təşkil olunur, əlavə peşələr öyrədilir, onların işlə təmin olunmasına və yeni iş yerlərinin tapılmasına kömək göstərilir.

Bunlar dövlətin və hökumətin görməli olduğu işlərdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq Agentliyi və Elm və Təhsil Nazirliyi birgə fəaliyyət göstərərək bu məsələləri planlaşdırmalı və həyata keçirməlidirlər. Əsas məqsəd insanların rifah halının pisləşməsinin qarşısını almaq olmalıdır.

Təəssüf ki, hələlik bu istiqamətdə belə bir yanaşma müşahidə etmirik”.

Şəbnəm Rəhimova

Gununsesi.info