Səndəki mən… - Aynur Ədil yazır

Səni tanımayana kimi elə zənn edirdim ki, hiss etdiyim hər şeyə cümlə qurmaqda mahirəm. Sən isə səndə özümü tapmaqla yanaşı, əsl özümlə də tanış olmağıma vasitəçi oldun. Mən səndən sonra əvvəllər başqa birinə hiss etdiklərimin ötəri duyğular, sənin üçün daşıdığım bütün hisslərimin isə nə qədər müqəddəs olduğunu anladım.

Bu günə kimi yaşadığım, hiss edə bildiyim hər bir hadisəyə və ya insanlara yüzlərlə cümlə qurub, hisslərimi ifadə edə bildiyim halda, sənə olan istəyimi heç bir cümlə ilə də əvəzləyə bilmədim. Ona görə ki, sən mənim üçün hamı olmadın. Bu gün, sabah və ya arzu etmədiyim hansısa gündə yollarımız ayrılsa belə, sənə qəlbimin ən dərinliyində dörd tərəfi gül-çiçəklə əhatələnmiş sevgi hasarı hördüm.

Bax, ürəyimin ən gözəl yerində ömür boyu səni yaşadacağımı anladım. Bir gün sənin üçün nə qədər darıxdığımı əllərimin soyumağından, gözlərimin dolmağından və səbəbsiz halda ətrafımdakı hər kəs ilə mübahisə etməyə meylli olduğumdan hiss etdim. Sonra bir telefon zəngi, zəngdə sənin adın, telefonda sənin səsin- bu sevinci, rahatlığı içimdə böyüməyə heç həvəsli olmayan balaca qızın yerə-göyə sığmayan xoşbəxtliyini sənə necə başa salım?!

Sən dost-tanışsız, hamıdan uzaq, təkliyə sığınmış ömrümə rəng qatanım, səbrsizliklə səndən gələn zəngi, sənin dilindən eşitdikdən sonra adımı sevdiyim gözlədiyimsən. Sən hamıdan əlimi üzüb, güvənimin hər kəsə qarşı parçalandığı anda kainatın məni səninlə qarşılaşdırdığı, bəlkə də, mükafatlandırdığı ən gözəl təsadüfümsən.

Sən mənim üçün dənizi daha da sevdirdən dalğa, yağışdan sonra gələn torpağın qoxusu, gün batanda yaranan göy üzünün əsrarəngiz mənzərəsi, gecələr tək parıldayan dan ulduzumsan. Yer üzündə heç kəs ilə paylaşa bilmədiyim, ancaq özümə məxsus etmək istədiyimsən. Sən geridə bütün yaşadıqlarımı buraxıb, düşünmədən səninlə bütün ömrümü başa vurmaq istədiyim, yuxularımın ən dəyərli qonağısan.

Mən səninlə ruhumun yarımçıq qalan bütün parçalarını tamamladım, içimdə solub, quruyan güllərin hər biri ən çətin anlarımda sənin həyatımda olmağınla yenidən çiçəkləndi. Və səndən sonra həqiqi istəyin nə olduğunu- talenin enişli-yoxuşlu yollarına, həyat pilləkənindəki bütün pillələrin daşla bəzədilməsinə rəğmən, bu istəkdən heç bir halda imtina edə bilmədiyimdə anladım. Mən səndə bəzən sözə qulaq asmayan, heç bir qaydaya tabe olmayan şıltaq və balaca qız uşağı, bəzən isə sənin qayğını çəkən, qeydinə qalan yetkin qadın oldum.

Lakin sənin həyatında daşıdığım bütün obrazlar məni xoşbəxt etdi. Sən günlərlə, hətta həftələrlə yolunu gözləməkdən əsla yorulmadığım uzağım oldun, amma mən bu uzaqlığı, səninlə küsülü qaldığımızda yaranan səssizliyi belə sevdim. “İdeal insanı hamı sevir”-cümləsinin yalan olduğunu təsdiqlədim bizim yaşadıqlarımızdan sonra. Çünki mən səni mənə uyğun olmayan cəhətlərinə, həyatın fərqli yollarında addımlamağımızı gözə alaraq sevdim. Yeri gələndə, sən də məni incitməkdən geri qalmadın, amma sənin açdığın yaranı başqasının sağaltmasının əksinə, o yaranı açıq saxlayıb yerinə başqasını qoya bilmədim. Bəzən sənə qarşı coşub-çağlayan hisslərimdən səninlə danışarkən ağzımdan çıxan hər kəlimə zəhər kimi gəldi. Amma qəlbim hər an sənin üçün gül-çiçək açdı...

Bütün həssasiyyətimi, sevgiyə aid bütün hissləri, hətta gərgin anlarımı belə ancaq sənin üçün saxladım. İnsan ömründə yaşana biləcək bütün hiss və duyğuları mən məhz səninlə yaşamaq istədim. Səninlə ağladığım anı, başqasının üzümdə gülüş yaratmaq istəyinə dəyişməyi düşüncəmə belə sığdırmaq istəmədim. Mənə gələn və məndə yaranan bütün pis və yaxşı xatirələr sən tərəfdən yaransın istədim. Səni hər kəsdən gizlədəcək, ancaq öz içimdə bir gecəyarısı Tanrı ilə söhbətimdə yalnız onunla bölüşəcək qədər çox sevdim. Yediyim yemək, içdiyim su, gəzdiyim küçələrin adları, yaşadığım hansısa bir hadisə, gün ərzində başıma gələnlər, başqalarının qəlbimi qırmağından tutmuş-bütün yerli və yersiz olan hərşeyi, səninlə bölüşmək üçün səbrsizləndim.

Sırf səninlə danışım, səsini eşidim deyə, bütün mənalı və ya mənasız mövzulardan söhbət açdım. Günboyu yaşadıqlarımı az qalsın ki, bir yerə qeyd etmək istədim-sənə hər anımı deyim, heç nə unudulmasın deyə…

Çünki mən səninlə danışarkən narahatlıqlarım rahatlığa, kədərim sevincə, göz yaşım qəhqəhəyə çevrildi. Həyatımın sanki ikinci hekayəsinin qəhrəmanını tapdım. Mən amma ən çox səndə özümü tapdım. Səni ananda isə ağlımda görkəmli şairimiz Anarın “Ən gözəl əsərimsən” adlı şeirindən bu misraları xatırladım:

Hələ də yazmadığım

Ən gözəl əsərimsən,

Yazacağım yazımsan.

 

Aynur Ədil

 

Gununsesi.info