Trampın Çinə yeni təhdidləri

ABŞ prezidenti Donald Tramp, Çinlə razılaşma əldə olunmasa, Çindən idxala 10% əlavə rüsumun artırıla biləcəyini söylədi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Oval Ofisdə imzalanma mərasimindən sonra Tramp mətbuat mənsublarının aktual mövzularla bağlı suallarını cavablandırıb.

Kanada və ya Çinin də tariflərdən azad olmaq şansının olub-olmaması ilə bağlı suala Tramp deyib ki, heç kim istisna deyil.

Yəqin ki, 24 saat ərzində Çinlə görüşəcəklərini deyən Tramp, “Bu, sadəcə bir ilkin addım idi. Əgər Çinlə razılaşa bilməsək, o zaman tariflər böyük olacaq” deyib.

“Ümid edirəm ki, Çin bizə fentanil göndərməyi dayandırar, əgər bunu etməsələr, tariflər əhəmiyyətli dərəcədə artacaq”, – Tramp bildirib.

Meksika ilə “gözəl” danışıqlar apardıqlarını ifadə edən Tramp, fentanil və qeyri-qanuni mühacirlərin ABŞ-a gəlməsinin qarşısının alınması lazım olduğunu bildirib.

Meksika ilə bu mövzuları müzakirə etmək üçün razılaşdıqlarını bildirən Tramp, “Tariflər mövzusunda hələ razılığa gəlməmişik, bəlkə edəcəyik, bəlkə də etməyəcəyik, amma çox yaxşı münasibətimiz var” dedi. 

Orxan Saffari

Gununsesi.info