Azərbaycanın başqa ölkələrlə münasibətlərinin İrana aidiyyatı olmamalıdır: - Fazil Mustafa

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.

Səfər zamanı Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Maraqlıdır, bəs bu səfərin nəticələrini necə şərh etmək olar? Görəsən, İran bu məsələdə səmimi ola biləcəkmi? 

Daha dəqiq, bu, İran-Azərbaycan münasibətlərinə hansı dərəcədə təsir edə biləcək?

Nəzərə alsaq ki, İranın Azərbaycanla münasibətlərində dəfələrlə pozuculuq fəaliyyətləri də olub. 

 

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, əslində, İran-Azərbaycan münasibətlərində səmimiyyət axtarmaq lazım deyil, yeganə prinsip var, o da…

“Əslində, İran-Azərbaycan münasibətlərində səmimiyyət axtarmaq lazım deyil. Bizim düşüncələrimiz, dünya görüşümüz, həyat ideallarımız, gələcəyə baxışlarımız belə fərqlidir. Hətta siyasi rejimlərimiz də fərqlidir. İran teokratik dövlətdir, biz isə dünyəvi dövlətik. Bir prinsip var, o da qonşuluq prinsipi…”

 

F. Mustafa bildirib ki, bu prinsip ən önəmli prinsipdir:

“Azərbaycan hər zaman elə məhz bu prinsipi qorumağa çalışır, çalışıb. İran bizim üçün ən yaxın qonşu dövlətlərdən biridir və biz də münasibətlərin hər zaman sağlam məcrada olmasını arzulayırıq. Hesab edirəm ki, Prezidentin köməkçisinin bu səfərdəki görüşləri faydalı istiqamətlərə yönəlib.

Ümumiyyətlə, aradakı gərginliyi qaldırmaq lazımdır. İranın bizə qarşı ola bilsin ki, özünün hansısa təxmin etdiyi nüanslar var, amma Azərbaycanın İranla bağlı heç bir problemi yoxdur. İran problem yaratmasa, Azərbaycan normal münasibətləri davam etdirməkdə maraqlıdır. İrana qarşı da hansısa addımlarda Azərbaycan iştirak etmir. O cümlədən Azərbaycanın da başqa ölkələrlə münasibətlərinin İrana aidiyyatı olmamalıdır və bunu özü üçün hansısa siyasət vasitəsinə çevirməməlidir”.

Deputat vurğulayıb ki, keçmişdəki məsələlər- Ermənistanın dəstəklənməsi və Zəngəzur dəhlizi ilə bağlı qonşuluğa uyğun olmayan mövqeləri bizi narahat edir.

” Bunlar da danışıqlar masasında qarşılıqlı müzakirə edilərək həll olunası məsələlərdir. Ona görə də stiuasiyanı gərginləşdirmək hər iki ölkənin marağına uyğun deyil. Bu baxımdan, münasibətlərin yaxınlaşmasının önəmi də böyükdür.

İranın yeni seçilən Prezidenti də Azərbaycana qarşı yaxşı münasibəti olan bir Prezidentdir, bildiyim qədəri ilə dəfələrlə Azərbaycanda da olub.

İki qonşu xalqın dost olması üçün bütün fürsətlərdən istifadə etmək lazımdır. Çünki bölgədə olan hər hansısa bir yanğın hamımızın evinə sıçraya bilər və biz çalışmalıyıq ki, bu yanğın baş verməsin, qonşuluq zəmnində normal sosial-iqtisadi əlaqələri genişləndirmək mümkün olsun”-deyə F. Mustafa fikirlərini yekunlaşdırıb.

 

Orxan Saffari

Gununsesi.info