Sumqayıtda məktəblilər bit dərmanından zəhərlənib? - Rəsmi açıqlama

  • By ilhame
  • 24 Sentyabr 2024 20:01

Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbin 6-cı sinifində təhsil alan iki şagirdin bit dərmanına qarşı aparılan dərmanlama zamanı zəhərləndiyi iddia olunur.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Bizim media” məlumat yayıb.

 

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlılara dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu qoyulub:

 

“23.09.2024-cü il tarixində 2013-cü il təvəllüdlü 2 azyaşlı (qadın cinsli) saat 15:30 radələrində yaxınları tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.

 

Dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu təyin edilən azyaşlılara Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və daha sonra ixtisaslı tibbi yardımların göstərilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub”.

 

Tibbi Mərkəzdən isə azyaşlıların evə buraxıldığı bildirilib:

 

“KTM-ə təxliyə olunan azyaşlıların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri normallaşan hər iki azyaşlı ambulator müalicə üçün evə buraxılıb”.

 

Abşeron-Xızı Regional Təhsil İdarəsi dezinfeksiya tədbirlərindən sonra məktəblilərin zəhərləndikləri ilə bağlı yayılan iddialarla bağlı açıqlama yayıb.

 

“Həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib. Şagirdlərin səhhəti diqqətdə saxlanılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”, – açıqlamada deyilir.

Gununsesi.info