
Azərbaycanın Avrasiya miqyaslı “yaşıl enerji” fəaliyyətinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyada “xalis sıfır”a nail olmaq üçün darboğazların aradan qaldırılmasını hədəfləyən enerji təşəbbüslərini formalaşdırır.
Gununsesi.info xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Almaniyanın Hamburq şəhərində keçirilən “Wind Energy Hamburg” Konfransı çərçivəsində “İnvestisiyalar və qlobal əməkdaşlıq” panelində əsas məruzəçi kimi çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2030-cu ilədək regionlararası “yaşıl enerji” bağlantılarının qurulmasını, qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 1500 QVt-a çatdırılmasını, 2040-cı ilə kimi 80 milyon kilometrdən çox enerji şəbəkəsinin ümumi şəbəkə sisteminə əlavə edilməsini və ya təmir edilməsini, hidrogen sənayesinin inkişafını nəzərdə tutan “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi”, həmçinin “Hidrogen Bəyannaməsi” təşəbbüsləri investisiya axınını artıracaqdır. “Hesab edirik ki, COP28 bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması hədəfini irəli sürmüşdüsə, COP29 bu hədəflərə nail olmağı dəstəkləyən platforma olacaq,” – deyə nazir əlavə edib.
Tədbir COP29 Sədrliyinin enerji keçidinin maliyyələşdirilməsi üzrə fəaliyyətinə və Azərbaycanın ənənəvi və bərpa olunan enerji növlərini balanslaşdıran enerji siyasətinə dair müzakirələrlə davam edib.
Gununsesi.info