Rusiya 2025-ci ildə hərbi xərclərini artıracaq - Bloomberg

2025-ci ildə Rusiya müdafiə xərclərini artırmağı planlaşdırır. Xüsusilə, Kreml hərbi ehtiyaclara 13 trilyon rubldan çox vəsait xərcləmək niyyətindədir. 

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg Rusiyanın növbəti üç il üçün büdcə layihəsinə istinadən yazır.

Nəşrin qeyd etdiyi kimi, 2025-ci ildə Rusiya hökuməti müdafiə xərclərini bu il üçün nəzərdə tutulan 10,4 trilyon rubldan 13,2 trilyon rubla (142 milyard dollar) artırmaq niyyətindədir ki, bu da ümumi daxili məhsulun 6,2%-ni təşkil edir.

Gələn il milli müdafiə və daxili təhlükəsizlik xərclərinin Rusiyanın ümumi büdcə ödənişlərinin təxminən 40%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

“Bu, təhsil, səhiyyə, sosial siyasət və milli iqtisadiyyata ayrılan ümumi xərclərdən çoxdur”, – deyə nəşr vurğulayır.

Məxfi və ya qeyri-müəyyən maddələrə xərclənən xərclər 2025-ci ildə 12,9 trilyon rubl dollara yüksələcək.

Bildirilir ki, bu il ümumi büdcə xərclərinin təxminən 30%-i səviyyəsində qalıb: “Bu vəsaitin bir hissəsi də Ukraynaya qarşı müharibənin davam etdirilməsi üçün istifadə oluna bilər”.

Nəşrin layihə məlumatlarına əsaslanan hesablamalarına görə, 2026 və 2027-ci illərdə hərbi xərclərin müvafiq olaraq ÜDM-in 5,6%-nə və 5,1%-ə qədər azaldılması planlaşdırılır.

 

 

Afət

Gununsesi.info