
Milli Məclisin komitə sədri, YAP-çı deputat Siyavuş Novruzov Bakıda yağan yağışdan sonra paytaxtın bir hissəsinin su altında qalmasını şərh edib.
Gununsesi.info xəbər verir ki, Millət vəkili bu mövzuda səs-küy salmağa ehtiyac olmadığını bildirib.
“Ən inkişaf etmiş dövlətlərdən biri Yaponiyadır. Yaponiyada zəlzələ olanda, sunami qalxanda 37 min adam öldü və şəhərlər darmadağın oldu. Bu yaxınlarda Amerikada 15 nəfər sunami, sel nəticəsində həlak oldu. Rusiyanın şəhərlərinin böyük əksəriyyəti suyun altında qalmışdı. Bu proses iqlim dəyişikliyi ilə əlaqədar normadan artıq yağış düşəndə baş verir.”
O, əlavə olaraq bildirib ki, “səs salmağa ehtiyac yoxdur. Normadan artıq olan sudur və kanalizasiya sistemləri bunları çatdıra bilmir. Norma üçün, məsələn, bir litr götürülüb, amma beş litr su gəlirsə, dörd litr də yığılıb qalır. Kanalizasiya sistemi isə bir gündə dəyişdirilə bilməz. Nə qədər yeni binalar tikilib, nə qədər əhalinin sayı artıb. Hər biri də tədricən öz qaydasına düşür. Yəni obyektiv və subyektiv səbəblər də var. Amma subyektiv səbəbi obyektiv səbəbdən qabağa keçirməyə ehtiyac yoxdur”.
Qeyd edək ki, ötən gün Bakıda yağışdan sonra növbəti dəfə paytaxtın bəzi hissələri su altında qalıb. Oktyabrın 22-də 2 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi Sabunçu rayonunda yenidən subasma olub, “Sabunçu keçidi” qısa müddətlik bağlanıb.