
ABŞ-ın eks-prezidenti dəfələrlə söz verib ki, prezident seçkilərində qalib gəldikdən sonra Ukraynada müharibəni tez bir zamanda dayandıracaq.
ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Nyu Yorka səfərini şərh edərkən onu “tarixin ən yaxşı satıcısı” adlandırıb, çünki guya ABŞ-a hər səfərindən sonra Ukrayna prezidenti “60 milyard dollarla” qayıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Mən görürəm ki, Zelenski buradadır. Düşünürəm ki, Zelenski tarixin ən böyük satıcısıdır: o, hər dəfə ölkəyə gələndə 60 milyard dollarla gəlir”, – Tramp bazar ertəsi Pensilvaniyada keçirilən mitinqdə deyib.
O əlavə edib ki, Zelenski Demokratik rəqibi Kamala Harrisin seçkilərdə qalib gəlməsini çox istəyir.
Tramp qeyd edib ki, seçkidə qalib gəlsə, Ukrayna prezidenti və Rusiya diktatoru Vladimir Putinə zəng edərək, onları Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün saziş bağlamağa çağıracaq: “Əgər bu seçkidə qalib gəlsəm, ilk işim Zelenskiyə və prezident Putinə zəng edib “Sazılaşmalısan, bu dəlilikdir” deyəcəyəm”.
Xatırladaq ki, sentyabrın 22-də Zelenski BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün ABŞ-a gəldiyini açıqlamışdı.
O, ABŞ-da Ukraynanın qələbə planını bütün tərəfdaş ölkələrin liderlərinə təqdim edəcəyini qeyd edib.
O, həmçinin bunu Konqresdəki hər iki partiyaya və ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampa təqdim edəcək.