“Nərmin işi”ndəki pozuntuların təfərrüatları məlum olub”

Artıq bir neçə ildir davam edən, Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun səs-küylü cinayət işinin yeni təfərrüatları bəlli olub.

Beləki, Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun istintaqını aparan müstəntiq Nadir Mirzəyevin cəzalandırılması üçün onun haqqında ayrıca qərar çıxarılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin müstəntiq haqqında çıxartığı qərara görə, onun İ.Süleymanovun işi üzrə istintaqda xeyli qanunsuzluğa yol verdiyi aşkar olunub, sözügedən müstəntiq Nadir Mirzəyevin cəzalandırılması üçün haqqında ayrıca qərar da çıxarılıb.

Gununsesi.info xəbər verir ki, qərarda kənddə yanmış meyit tapılandan sonra İ. Süleymanov 4 gün – 2020-ci il yanvarın 6-dan 10-nadək Tovuz Rayon Polis Şöbəsində qanunsuz saxlanıldığı, həmin ayın 6-dan şöbədə olduğu halda, ilk dəfə yanvarın 8-də dindirildiyi etiraf edilib.

O, ilkin ifadəsində də göstərib ki, uşağın oğurlanmasına və öldürülməsinə heç bir aidiyyəti yoxdur. Bütün bunlardan əlavə, yanvarın 8-də İ.Süleymanovun evində axtarış aparılıb, iş üçün önəmli heç nə tapılmasa da, onu yenə də polis şöbəsindən buraxmayıblar.

Əlavə olaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin müstəntiq Nadir Mirzəyev haqqında xüsusi qərarda göstərilən başqa bir pozuntu da, İ.Süleymanovun telefonunun qanunsuz olaraq götürülməsidir. Onun telefonu götürülsə də, bununla bağlı heç bir sənədləşmə aparılmadığı da müəyyən olunub.

Üstəlik, məhkəmə araşdırmaları zamanı o da təsdiqlənib ki, İ. Süleymanov saxlandıqdan sonra mobil telefonuna müdaxilə olunub, polis şöbəsində saxlanıldığı müddət ərzində həmin telefondan istifadə edilib, müxtəlif səhifələrə də baxılıb. Bu yolla isə əsassız, süni sübutlar əldə olunub.

Qeyd edək ki, İ. Süleymanov haqqında istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb. İstintaqı aparan N. Mirzəyev idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi olub. Baxmayaraq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi N. Mirzəyev haqqında xüsusi qərarı ötən ilin iyulunda çıxarıb, bir ildən çox müddətdə həmin qərar Baş Prokurorluğa icraya göndərilməyib. Nəticədə isə qərar icra edilməmiş qalaraq, müstəntiq də cəzalandırılmayıb.

İddia: Nadir Mirzəyev artıq prokurorluqda çalışmır?!

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, sözügedən məsələ iyulda Məhkəmə-Hüquq Şurasında da müzakirə edilib, ardından isə Gəncə Ağır Cinayətlər Məhkəməsinə məktub ünvanlanıb və N. Mirzəyev haqqında xüsusi qərarın Baş Prokurorluğa bir il ərzində göndərilməmə səbəbinə dair izahat istənilib. Nəticə haqda hələlik yekun məlumat yoxdur.

Baş Prokurorluqdan mediaya verilən başqa bir məlumata görə, N. Mirzəyev artıq prokurorluqda çalışmır. Onun 2021-ci ildə İ. Süleymanov haqqında cinayət işinin istintaqını bitirəndən az sonra təqaüdə göndərildiyi bildirilir.

Onu da qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Dadaş İmanov, Faiq Mahmudov və Nural Əliyev iş üzrə istintaqda çoxsaylı qanun pozuntularına yol verildiyini təsdiqləsələr də, İ. Süleymanov haqqında ittiham hökmü çıxarılıb.

Həmin hökmlə İ. Süleymanov 11 yaşlı Nərmini oğurlayıb öldürməkdə, o cümlədən, meyiti yandırmaqda təqsirli bilinib və ona 18 il həbs cəzası kəsilib.

“Əsl cinayətkarı tapa bilmirlərsə, tapmaq istəmirlərsə, o demək deyil ki, kiminsə yerinə cəzanı mən çəkməliyəm. Təcridxanada müstəntiq Nadir Mirzəyevə dedim ki, mənim bu işə aidiyyətim olmadığını özünüz də yaxşı bilirsiniz. Cavab verdi ki, “neyləmək olar, bəzən təqsirsiz adamlar da tutulur, sonradan buraxılır, buraxılmayanlar da olur”. İnanıram ki, bu proses, gec-tez, mənim xeyrimə bitəcək. Mən törətmədiyim cinayətin cəzasını çəkmək istəmirəm”, – İ. Süleymanov Gəncə Apellyasiya Məhkəməsində bu cür deməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

İ. Süleymanovun vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildiriblər.

Zəruri qeyd:

11 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib. Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanova CM-in 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3-cü (adam oğurluğu) və başqa maddələriylə ittiham verilib.

O, bütün bu ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini söyləyir. Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

 

 

Orxan Saffari

Gununsesi.info