
Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin “Rusiya hökuməti” tərəfindən idarə olunduğunu deyib və hakim “Gürcü arzusu” partiyasını oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrini saxtalaşdırmaqda ittiham edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” partiyası “Rusiyadakı kimi” təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.
O, həmçinin hakim partiyanı hökumət rəsmilərinə təzyiq etməkdə, müxalifət fəallarına hücum etməkdə, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların seçkilərdə iştirakını çətinləşdirməkdə ittiham edib.
“Bu, adi seçki deyil, daha çox Avropa gələcəyi ilə Rusiya keçmişi arasında seçimdir,” — deyə Zurabişvili Financial Times qəzetinə müsahibəsində bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasına müxalifətdədir.
Siyasi qüvvə dövlət başçısının icazəsiz xaricə səfərlərindən sonra hakimiyyət haqqında tənqidlər və qalmaqallı bəyanatlar səsləndirdikdən sonra onun impiçmenti təşəbbüsü ilə çıxış etməyə cəhd edib.
Daha sonra prezidentin sərt tənqid etdiyi xarici agentlər haqqında qanunun qəbulu fonunda Zurabişvili ilə “Gürcü arzusu” arasında münasibətlər daha da pisləşib.