Polşa prezidenti Ukraynaya əsgər göndərməkdən imtina edib

Polşa öz əsgərlərini Ukraynaya göndərməyəcək və hesab edir ki, bu cür addımlar NATO-nun münaqişədə birbaşa iştirakına gətirib çıxarır.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda bildirib.

“Mən də inanmıram ki, Polşa öz ordusunu Ukraynaya göndərsin. Bu, NATO dövlətinin müharibəyə girməsi olardı”, -deyə o, slovakiyalı həmkarı Peter Pelleqrini ilə görüşündən sonra deyib.

Bildirilir ki, Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış daha əvvəl demişdi ki, bəzi NATO ölkələri Ukraynaya təlim missiyası ilə getmək istəyirlər.

O, vurğulayıb ki, Varşava öz əsgərlərini hətta təlim məqsədilə göndərmək fikrində deyil.

İyunun 8-də Fransa prezidenti Emmanuel Makron Ukrayna ərazisinə hərbi təlimatçı göndərməyə hazır olan ölkələrin koalisiyasının yaradıldığını elan edib.

Fransa liderinin sözlərinə görə, bəzi tərəfdaşlar təlimatçıların göndərilməsinə artıq razılıq veriblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynada təlimatçı və ya muzdlu kimi olan fransız hərbçiləri Rusiya üçün qanuni hədəfdir.

 

 

İlhamə

Gununsesi.info