
Türkiyə hərbçiləri İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi çoxsaylı hədəfləri hava əməliyyatları ilə məhv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik həyata keçirilən hava əməliyyatında aralarında məsul terrorçuların da olduğu mağara, bunker, sığınacaq, anbar və separatçı terror təşkilatının istifadə etdiyi obyektlərdən ibarət 37 hədəfin məhv edildiyini açıqlayıb.
Açıqlamada separatçı terror təşkilatının istifadə etdiyi mağara, sığınacaq, anbar və obyektlərdən ibarət olan və məsul terrorçuların da olduğu düşünülən hədəflərin məhv edildiyi, çoxlu sayda terrorçunun isə maksimum dərəcədə zərərsizləşdirildiyi qeyd olunub.
“Türkiyə Silahlı Qüvvələri keçmişdə olduğu kimi, son terrorçu zərərsizləşdirilənə qədər ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün terrora qarşı əzmlə mübarizəyə davam edəcək”, -deyə məlumatda vurğulanır.
Ceyhun
Gununsesi.info