Mətbuat Şurasında Bahəddin Həzinin yubileyi qeyd edildi

  • By Admin2
  • 28 Aprel 2025 17:00

Azərbaycan Mətbuat Şurasında Jurnalist, yazıçı-publisist, “Bizimyol.info” saytının təsisçisi və baş direktoru Bahəddin Həzinin 60  illik yubileyi ilə bağlı toplantı keçirilib. 

Gununsesi.info xəbər verir ki, tədbiri giriş sözü ilə MŞ sədri Rəşad Məcid açaraq Bahəddin Həzini doğum günü münasibəti ilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra B.Həzini diplomla təltif edib.

Rəşad Məcid geniş çıxışında bu sözləri də bildirib:

“Bahəddin Həzinin varlığı stimuldur. Onun publisistikası da bədii yaradıcılığı ilə vəhdət təşkil edir”.

Bahəddin Həziyə xoş sözlərinin çatdıranlardan biri də Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli olub.

O da öz növbəsində Bahəddin Həzini təbrik edərək xoş sözlərini çatdırıb:

“Sizi təbrik edir və çox istəyirik. Azərbaycan jurnalistikası çətin mərhələlərdən adlayıb, bu mərhələlərin içində siz də olmusunuz. Əslində, jurnalistin əməyinə verilən ən böyük qiymət dövlətin verdiyi qiymət deyil. Ən böyük qiymət oxucuların, onu sevən insanların, ictimaiyyətin verdiyi qiymətdir. Bu gün bu zalda olan izdiham sizin ictimai əhəmiyyətinizin, çəkinizin göstəricisidir”, – deyə N. Məmmədli bildirib.

“Çox səmimi insan və gözəl publisistdir. Yaşının 60 olmasına baxmayaraq, xeyli məşəqqətli yollar keçib ancaq Bahəddin Həzi heç vaxt öz üzünü, duruşunu itirməyib. Arzum odur ki, heç birimiz duruşumuzu itirməyək. Təbrik edirəm”,– deyə, həmnin Elçin Şıxlı da öz çıxışında qeyd edib.

Tədbirdə çıxış edən Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli isə Bahəddin Həzi haqqında bildirib:

“Əlbəttə, burada deyilən bütün xoş sözlərə qatılır, Bahəddin müəllimi ürəkdən təbrik edirəm. Bahəddin Həzi təkcə jurnalist, publisist, yazıçı yox, həm çox yaxşı baş redaktordur”. 

Pərviz Həşimli onu da qeyd edib ki, Bahəddin Həzi ilə çalışan əməkdaşlar ondan həmişə razı qalıb:

“O, Azərbaycanda azad mətbuatın əsas simalarından biridir. Ən çətin məqamlardan belə öz prinsiplərindən heç vaxt çəkilməyib, bizlər həmişə ondan razı qalmışıq. O, ən çətin məqamlarda belə müdafiə etməyi bacarıb”.

 

Eyni zamanda sabiq deputat, Azərnəşrin baş redaktoru Əlövsət Ağalarov Bahəddin Həzini vətənpərvər jurnalist kimi dəyərləndirib. O, bildirib ki, Bahəddin Həzinin yaradıcılığının əsas dövrü doğma yurdu Füzulinin işğal altında olduğu dönəmə düşüb.

“Bahəddin Həzi bu illər ərzində yazdığı yazılarda vətən nisgilini həmişə əks etdirib. Onun bu istiqamətdə yazdığı yazılarda necə vətənpərvər insan olduğu hiss olunur”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bahəddin Həzinin məqalələrinin ilk dərc olunduğu sürpriz edib.

Tədbirdə həmçinin Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, yazıçı Şərif Ağayar, “Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət, “Yeni Müsavat” saytının baş redaktoru Rauf Arifoğlu, professor Qulu Məhərrəmli də iştirak edib və öğz təbriklərini Bahəddin Həziyə çatdırıblar.

Gununsesi.info