
Qazaxıstanda 17 yaşlı məktəbli qızın anası qızının altı ay seks quldarlığının qurbanı olduğunu bildirib. Hüquq müdafiəçiləri isə onun sinif yoldaşlarının yetkin yaşlı “müştəri”lərdən pul topladığını iddia edirlər.
AzadlıqRadiosunun əməkdaşları Manşuk Asautay və Kris Rikltonun hazırladıqları yazıda deyilir ki, indi Qazaxıstanda hər kəs “bu necə baş verə bilərdi” sualını verir. Di gəl, hələlik, o sualın dolğun cavabı tapılmayıb.
Ölkənin cənub-qərbində yerləşən Qızılorda şəhərində polis bu hadisəni araşdırır və sakinləri dezinformasiyaya qarşı ayıq olmağa çağırır. Polis insan haqları fəallarının məktəbli qızı istismara məruz qoyan “uşaq mafiyası qrupu” haqda dediklərini də inkar edir.
Üç qız və bir oğlandan ibarət qrup?
Bununla yanaşı, avqustun 15-dən bəri öz məktəb yoldaşlarını seks üçün pula satmaqda suçlanan yetkinlik yaşına çatmamış dörd nəfər həbs edilib. Onlar hüquq fəalları və vəkillərin bu şokedici hadisə ilə bağlı onlayn mətbuat konfransı keçirməsindən cəmi bir gün sonra həbs olunublar.
Qazaxıstanda dövlət qurumlarının uşaqları qorumaqla bağlı ictimai tənqidə məruz qalması ilk dəfə baş vermir.
Qurbanın onlayn tədbirdə anonim danışan anası hazırda həbsdə olan dörd şübhəli şəxsdən, azı, birinin qızının keçmiş rəfiqəsi olduğunu söyləyib.
Hər iki qız Qızılorda şəhərində oxuduqları məktəbin 500 metrlik radiusunda yaşayırmış. Rəfiqə olduğu iddia edilən qız qurbanın ailəsinin evinə tez-tez gedib-gəlirmiş. O zaman hələ 16 yaşı olan rəfiqəsi bu ildən get-gedə daha çox vaxt keçirməyə, tez-tez hətta gecələr də onun evində qalmağa başlayıb.
Ana qızının evdən kənarda çox vaxt keçirməsindən narazı qaldığını, ancaq ona mane olmamağı seçdiyini deyir. Ananın sözlərinə görə, üç qız və bir oğlandan ibarət qrup qızının çılpaq şəklindən şantaj aləti kimi istifadə edib. Bu yolla onlar qızın telefonuna nəzarəti ələ keçirərək onu seks işçiləri saytında qeydiyyatdan keçməyə məcbur ediblər.
Aylarla davam edən istismar o həddə çatıb ki, qurban sözügedən qrupa ayda 6 min dollaradək pul göndərirmiş. Zavallı qız müştərilərin onun hesabına köçürdüyü bu pulların ancaq kiçicik hissəsini özünə yolpulu kimi saxlayır və çox az qidalanırmış.
Anasının dediyinə görə, qızı qrupa ödənişlərini gecikdirəndə onlar onu döyür və psixoloji işgəncəyə məruz qoyurmuş.
İddiaya görə, sözügedən qrup qurbanın ticari dəyərini artırmaqdan ötrü ona narkotik də qəbul etdirirmiş.