
UNRWA xəbərdarlıq edib ki, İsrailin Şərqi Qüdsdəki fəaliyyətini qadağan etmək qərarı atəşkəs razılaşmasının gələcəyini təhlükə altına sala bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Şərqi Qüdsdəki fəaliyyətlərinə qadağa qoyulması ilə bağlı açıqlama verib.
UNRWA-nın Kommunikasiyalar Direktoru Juliette Touma bildirib ki, Təl-Əviv hökumətinin İsrail və işğal olunmuş Şərqi Qüdsdəki fəaliyyətlərini qadağan etmək qərarı Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının gələcəyini təhlükə altına sala bilər.
Touma BMT-nin Cenevrədəki ofisinin həftəlik mətbuat konfransında bildirib ki, agentlik Qəzza və işğal olunmuş ərazilərlə bağlı iş aparır.
O, Fələstin ərazilərində həyat xilasedici xidmətləri göstərməyə davam etməkdə qərarlı olduğunu vurğulayıb.
İsrailin bu qərarı yerinə yetirməsinin fələstinli qaçqınların həyatı və gələcəyi üçün fəlakətli nəticələrə gətirib çıxaracağına diqqət çəkən Touma, “UNRWA bu qanunun (qadağa da daxil olmaqla) işğal olunmuş ərazilərdə necə tətbiq ediləcəyi ilə bağlı bu günə qədər heç bir rəsmi bildiriş almamışdır” deyib.
UNRWA bildirib ki, Şərqi Qüdsdəki beynəlxalq heyət İsrailin viza məhdudiyyətləri səbəbindən ölkəni tərk edib, Qəzza zolağında və işğal olunmuş İordan çayının qərb sahilində qalan yerli işçilər isə düşmənçiliklə üzləşib.
Touma Qəzzada beynəlxalq personalın olduğunu və əsas yardım ləvazimatları ilə dolu yük maşınlarını çatdırmağa davam etdiklərini vurğulayıb.
“Qəzzada 5 mindən çox komanda üzvümüz var” deyən Touma, bu insanların dünən Qəzza zolağının hər yerində yardım ləvazimatlarını payladığını vurğuladı.
Orxan Saffari