İrana münasibətdə təcavüz və terror aktı Azərbaycanın milli təhlükəsizliyinə təhdid yaradır - Sabiq deputat

  • By Admin2
  • 14 İyun 2025 10:21

Xəbər verdiyimiz kimi, İsrail Hərbi Hava Qüvvələri İranın nüvə və hərbi bazalarına zərbələr endirib.

Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Firudin Abbasi öldürülüblər.

Hazırda hər iki dövlət arasında gərginlik davam edir və prosesin sonunun necə bitəcəyini demək olduqca çətindir. 

“Azərbaycan – İran və Azərbaycan – İsrail münasibətlərinin necəliyindən asılı olmayaraq, İsrailin İrana raket və aviasiya hücumu, hərbi və mülki obyeklərin, o cümlədən Təbrizin və Azərbaycanın sərhədlərinə yaxın digər ərazilərin vurulması, mülki əhali arasında tələfat beynəlxalq hüquqa sadəcə hörmətsizlik yox, BMT üzvü olan bir dövlətə təcavüz və beynəlxalq xarakterli terror aktıdır”.

Bu sözləri isə Gununsesi.info-ya açıqlamasında sabiq millət vəkili Qulamhüseyn Əlibəyli bildirib.

O, bildirir ki, İranın cavabı zəif görünür, ancaq bu, özünümüdafiə instiktidir:

“İranın cavabı zəif görünsə də, özünümüdafiə instiktindən irəli gəlir və tamamilə legitimdir. Dünyanı yenidən öz aralarında bölmək iddiasında olan Rusiya və ABŞ-nin yaratdığı presidentlər (BMT üzvü olan dövlətlərin ərazilərini özlərinə qatmaq üçün min bir oyundan çıxmaq, o cümlədən hərbi təcavüz, boyun əyməyən dövlət başçılarının zorla dəyişdirilməsinə yönəlik fəaliyyət və s.) son nəticədə dövlətlərarası münasibətlərdə təcavüz və terrorizmi şirnikləndirən amillərdir. Mövcud beynəlxalq təhlükəsizlik mexanizmi ölü mexanizmdir və rəhmətlik Əbülfəz Elçibəyin keçmiş SSRİ haqqında dediyi kimi: “Allahsız olduğu üçün basdıranı yoxdur”.

Sabiq deputat həmçinin deyib:

“İrana münasibətdə hər hansı təcavüz və terror aktı Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradır. Ona görə də türk dövlətləri arasında nəinki siyasi və iqtisadi münasibətlər, həm də hərbi və milli təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi, birgə müdafiə və təhlükəsizlik mexanizminin yaradılmasının sürətləndirilməsi günün tələbinə çevrilir. Məşhur “Türkün türkdən başqa dostu yoxdur!” deyimi həmişə öz aktuallığını saxlayır və saxlayacaq”.

Gununsesi.info