
Hərbi telejurnalist Ədil Arifoğlu haqqında rekviyem
Bu kino ki var, doğrudan da, qəliz məsələdir. İstər bədii kino olsun, istərsə də, sənədli. Hər iki halda bizi çəkib bizə göstərirlər. Hərəmiz bir filmə baxıb deyə bilərik: “İndi məni göstərəcəklər”. Çünki kino adamı danışığı ilə, hərəkəti ilə, üzünün mimikləri, gözlərinin ifadəsi ilə.
“Kino” deyəndə yadımıza ən çox düşən adlardan biri də Ədil adıdır. Bədii kinoda Ədil İsgəndərov, sənədli kinoda Ədil Arifoğlu. Biri çoxdan haqqın dərgahındaydı. O birisi – Ədil Arifoğlu isə dünən aramızdan əbədi ayrıldı.
İlk və son dəfə həyatda bir ay qabaq görmüşdüm. Budur, bir ay sonra, ümumiyyətlə, həyatda yoxdur. Onu daha çox dövründə məşhur “215 kl” studiyası ilə tanıdıq. Mərhum qəhrəman Çingiz Mustafayevlə və başqa məsləkdaşları ilə birlikdə. Ədil Arifoğlunun 500 saatdan çox müharibədən çəkilişləri var. Füzulinin, Cəbrayılın, Qubadlının, Kəlbəcərin, Ağdamın müdafiəsi uğrunda döyüşləri də, qəhrəmanlıqla döyüşənləri də, işğalı da, faciələri də çəkib. Nələr çəkib, nələr! Sözün bütün mənalarında.
Bilirsiniz, aramızda elə insanlar var, yeri gəldi-gəlmədi, haqlı, ya da haqsız, fərq etməz (əslində çox fərq edər!) Dövlət televiziyasını asıb-kəsir. Ən tənbəl olanımız belə ömründə ən azı bir dəfə AzTV-ni tənqid atəşinə tutub, ya da ironiya edib… Sanki biz qurunun oduna yaşı yandırmaqdan “ləzzət” alan bir toplumuq. O yaşın tüstüsü gözlərimizi acışdırsa da. AzTV-nin əskisi isə həmişə tüstülüdür. Yox, AzTV-ni müdafiə etmirəm; bir asılılığım, umacağım yox, çox şükür! Heç efirlərinə də çağırmırlar, buna daxili və ya sair bir ehtiyacım yoxdur.
Amma AzTV həm də bizə Ədil Arifoğlu kimi cəsur videosalnaməçiləri də qazandırıb axı. Elə həmin o Çingiz Mustafayevi də. Seyidağa Mövsümlü kimi əfsanəvi videoxronikaçını, fədakar peşəkarı da bizə AzTV bəxş etmişdi. Müharibəyə, işğala, soyqırıma dair videofaktları bizə kim çəkib verirdi?! Adını çəkdiyim və çəkmədiyim bu insanlar. Biz “Azərbaycan həqiqətləri” dediyimiz videofaktları, foto və videokadrları hardan alıb dünyaya çıxarırdıq?! Həmin o Seyidağa Mövsümlü, Çingiz Mustafayev, Ədil Arifoğlu kimi şəxslərin kameralarından. Eləcə də, Vahid Mustafayev, Mirşahin Ağayev, Seyfulla Mustafayev… kimi ANS-çilərdən.
Hər kəsin haqqını özünə vermək gərək. Ədil Arifoğlunun da boynumuzda haqqı var. Xüsusilə də, mənim. Çünki o, 1994-cü ildə mənim doğulub-böyüdüyüm torpaqda – Füzulidə, Seyidəhmədli kəndində düşmən gülləsindən yaralanmışdı. Bəlkə də indi aramızdan ayrılmasına da o yara səbəb olub. Yaxud həm də o yara… Mən bu kiçik yazı ilə Ədil Arifoğlunun qarşısında mənəvi borcdan qurtulduğumu bəlkə də düşünə bilərəm. Amma bəlkə də heç bu, mənim düşündüyüm kimi deyil. Bizim düşünüb danışdıqlarımız narrativlər səviyyəsində qala bilər. Narrativlər isə faktlar deyil. Ədil Arifoğlu bu dünyada da, o dünyada da bir faktdır, gerçəkdir. Çünki o müharibənin od-alovu içindən bizə gerçəyi çəkib göstərirdi. Bu gün çoxları onun vəfatı haqda xəbərə sosial şəbəkələrdə belə reaksiya verir: “İnana bilmirəm…” Amma, təəssüf ki, Ədil Arifoğlunun özündən sonrakı xəbəri də gerçəkdir.
…Viktor Hüqo deyirdi: “Ölüm qorxulu deyil, qorxulu olan yaşamamaqdır”.
Gerçəkdən ömür sürənlərin gerçəkdən öldüyünə, bəli, inanmaq çətin olur. Səbəbini daha əvvəl bir yazımda belə yazmışdım: “Bəzi insanlar həyatını o qədər diri yaşayır ki, öldüyünə inanmaq çətin olur”.
Ədil Arifoğlu hərbi telejurnalist karyerasında dəfələrlə ölümlə üz-üzə, hətta qolboyun yaşadı. Amma Hüqonun dediyi mənada yaşadı. Ona görə ölüm də onun üçün qorxulu deyildi. Qorxulusu onu unutmağımız olar. Doğrudur, bir həmkarımız yazıb ki, əsl dəyərini almamış getdi. Ödül mənasında, təltif baxımından yəqin haqlıdır. Ancaq Ədil Arifoğluna azad Qarabağın özündən daha böyük mükafat nə ola bilər?! Yaxşı ki Şuşaya, Xankəndinə sancılmış bayraqlara baxmaq şansı oldu. Yaxşı ki, uğrunda yaralandığı kəndi azad görə bildi. Seyidağa Mövsümlüyə, Çingiz Mustafayevə baxanda Ədil Arifoğlu çox şanslıymış. Tək təsəllimiz budur. Tək Ədil üçün yox, elə hamısı üçün…
Bahəddin Həzi
Gununsesi.info