Ermənistan prezidenti: - COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışırıq

Ermənistan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır.

Gununsesi.info “Financial Times”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.

 

“COP29-a qədər onu imzalamaq yaxşı olardı, amma gəlin qabağa qaçmayaq”, – o qeyd edib.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Financial Times”a bildirib ki, razılaşdırılmalı olan həll olunmamış məsələlər olsa da, “biz müzakirələrin sonuna yaxınlaşırıq” və əlavə edib ki, noyabrda keçiriləcək BMT-nin iqlim konfransına qədər saziş imzalana bilər.

Qəzet xatırladır ki, bundan əvvəl iqlim və inkişaf məsələlərinin müzakirə edildiyi Dayanıqlı İnkişaf üzrə Hamburq Konfransı çərçivəsində Xaçaturyan Ermənistanın qonşuları ilə sülhə getməli olduğunu demişdi.

“Arzularla yaşamaq (Ermənistana) yaxşı nəticələr vermədi. Biz praqmatik və realist olmalıyıq. Təkcə Azərbaycanla deyil, bütün qonşularımızla sülh şəraitində yaşamalıyıq”, – deyə o, vurğulayıb.

Qeyd edək ki, keçən ay Azərbaycan ölkələri “COP29 ayı ərzində siyasi çətinliklərin öhdəsindən gəlməyə, birləşməyə və atəşkəsə sadiq olmağa” çağıraraq “COP atəşkəsi”nə çağırıb.

 

 

 

Gununsesi.info