
Yaponiya hökuməti ilk dəfə olaraq NATO müdafiə nazirlərinin toplantısına nazir göndərəcək. NATO ölkələrinin müdafiə nazirləri oktyabrın 17-18-də Brüsseldə görüşəcəklər.
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, Yaponiya Hind-Sakit Okean hövzəsində artan təhdidlərə görə Avro-Atlantik regionuna yönəlmiş hərbi alyans NATO ilə təhlükəsizlik sahəsində daha geniş əməkdaşlıq etməyi hədəfləyir.
Yaponiyanın müdafiə naziri Nakatani Gen mətbuat konfransında bildirib ki, gələn həftə NATO və G7 çərçivəsində həmkarları ilə görüşəcək. Oktyabrın 16-21-də Avropa turnesinə çıxacağını qeyd edən Nakatani, həmfikir ölkələrlə “əlaqələri gücləndirməyi” hədəflədiyini bildirib.
“Azad və Açıq Hind-Sakit Okean” vizyonunun əhəmiyyətini vurğulayan Nakatani, “Bugünkü təhlükəsizlik mühitində Avropa ilə Atlantik və Hind-Sakit okean bölgələrinin təhlükəsizliyini bölmək olmaz” , – deyib.
Avropaya səfərində Nakatani britaniyalı və italiyalı həmkarları ilə üç ölkənin yeni nəsil savaş təyyarələrinin inkişafı layihəsinin son vəziyyətini müzakirə edəcək.
Dövlət televiziyası NHK bildirib ki, Nakatani NATO toplantısında iştirak edəcək ilk Yaponiya müdafiə naziri olacaq. Milli media, Nakataninin Çinin bölgədə artan nüfuzu qarşısında Yaponiyanın NATO həmkarları ilə “əməkdaşlıq imkanları axtaracağını” bildirib.
2022-ci ilin iyununda Madriddə keçirilən NATO Liderlər Sammitində iştirak edən keçmiş baş nazir Kişida Fumio sammitdə iştirak edən ilk Yaponiya baş naziri olmuşdur. NATO Sammitinə Asiya-Sakit Okean regionundan “tərəfdaş ölkələr” kimi dəvət olunanlar arasında Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya da var idi.
Günel Həsənova