
“Bizim Cəbiş müəllim” filmi Sovet kinosunun ən yaxşı filmlərindən hesab olunur. Bəs bu filmin tarixçəsi haqqında nə bilirik?
Gununsesi.info “Bizim Cəbiş müəllim” filmi haqqında maraqlı məlumatları təqdim edir:
Cəbiş müəllim filmi ilk dəfə 30 dekabr 1969-cu ildə baş tutmuşdur. 72 dəqiqəlik film ağ-qara fondadır və Azərbaycan Kinofilm studiyası tərəfindən istehsal olunub.
Filmin ilk uğuru isə 1970-ci ildə olur. Beləki, Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir.
Bu filmdə maraqlı məqamlardan biri də, sonradan senzuraların olması, daha dəqiq, bəzi açıq-saçıq səhnələrin çıxarılmasıdır. Məsələn, Cəbiş müəllimin arvadının onu arxadan qucaqladığı səhnə, filmə sonradan artırılan səhnələrdəndir. Ondan əvvəlki səhnə isə onların yataq səhnəsi idi.
Digər bir senzura isə Əbülfəz obrazının Cəbişin arvadının kürəyinə toxunması yeridir. Həmin səhnədə Cəbişin arvadı Əbülfəzi yun çubuğu ilə döyür.
Üstəlik, ən maraqlı məqamlardan biri də budur ki, Cəbişin arvadı obrazının adı yoxdur, o, eləcə Cəbişin arvadı kimi bilinir, səslənilir.
Filmin məşhur bir kadrı olan “Namiq və Makedon” səhnəsi də diqqət çəkən səhnələrdəndir.
Əksəriyyət elə bilir ki, “Çağırsa ellər gedərəm davaya” meyxanası Əliağa Vahidindir. Əslində isə sözügedən mahnı Molla Məhəmmədə aiddir. Filmdə məhəllə uşaqlarının dediyi bu meyxananı səsləndirən də elə Molla Məhəmmədin özüdür.
Bəs Makedon rolunun necə yarandığını bilirsinizmi?
Filmin rejissoru Makedon, yəni, Aqil Ağacanovla bulvarda təsadüfən nərd oynayırmışlar. Qarşısındakının rejissor olduğunu bilən Aqil, dərhal onunla mərcə girir və udduğu halda onu filmə çəkəcəyi üzərinə mərcə girir. Həsən Seyidbəyli sözünü tutur. Nərddə uduzduğu üçün onu filmə çəkir və ortaya belə bir parlaq obraz çıxır.
Hərbi kinopovest janrında olan bu filmin əsas ideyası, qələbə naminə hər cür maddi çətinliklərə dözən, ailəsini halal zəhmətlə dolandıran, vətəni, onun azadlığını hər şeydən üstün tutan sadə vətəndaşların mənəvi ucalığını göstərməkdir.
Orxan Saffari