
Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, siyasətçi hədə-qorxu ilə pul tələb etmə cinayətində ittiham olunur.
Lakin prosesdə çıxış edən Qasımlı bildirib ki, onun hədə-qorxu ilə pul tələb etdiyini təsdiqləyən nə bir fakt var, nə də şahid var:
“Buna baxmayaraq, yarım ildən çoxdur həbsdə saxlanılıram. Məndə isə səs yazıları, məhkəmə qərarı var”.
Vəkilləri A.Qasımlının şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsi barədə vəsatət qaldırsa da, hakimlər razılaşmayıb.
Vəkillər onun haqqında cinayət işinə xitam verilməsi, bu, təmin edilməsə, heç olmasa, ev dustaqlığına buraxılması barədə də vəsatətlər qaldırıblar. Vəkil Aqil Layıc deyir ki, indi zərərçəkmiş kimi tanınan və A.Qasımlının hədələyib pul tələb etdiyi iddia olunan Qurbanəli Yusifovla bir neçə ildir məhkəmə çəkişməsi gedir: “Guya Azər Qasımlı onun özünü və ailəsini öldürməklə hədələyib, pul tələb edib. Halbuki, Mingəçevir şəhər Məhkəməsində Azər Qasımlının mülki iddiası üzrə prosesdə özü borcunu etiraf edib. Məhkəmə də iddianı təmin edib. Daha sonra VÖEN məsələsinə görə apellyasiya instansiyası bu qərarı ləğv edib. Qərar verilib ki, bu işə kommersiya məhkəməsində baxılsın. Şəki Kommersiya Məhkəməsində də borcu etiraf edib”.
Vəkil vurğulayıb ki, eyni məsələ ilə əlaqədar iki paralel icraat gedə bilməz. Bu üzdən əməldə cinayət tərkibi olmadığına görə xitam verilməlidir.
A.Layıc vurğulayıb ki, A.Qasımlı akademik fəaliyyətlə əlaqədar Almaniyaya getməyə hazırlaşırdı: “Himayəsində yetkinlik yaşına çatmayan övladları var. Onu ictimai-siyasi fəaliyyətinə görə həbs eləmək üçün bu məsələdən sui-istifadə olunub. Belə bir adamı həbsdə saxlamağa zərurət yoxdur”.
Digər vəkil Rövşanə Rəhimli zərərçəkmiş Q.Yusifovun qohumlarının ifadələrinin sübutlar siyahısından çıxarılması, Mingəçevir Şəhər Məhkəməsi və Şəki Kommersiya Məhkəməsindən həm audio, həm də video materialların alınması haqda vəsatətlər qaldırıb: “O məhkəmələrdə Qurbanəli Yusifov etiraf edir ki, Azər Qasımlıya borcludur”.
Zərərçəkmiş Q.Yusifov müdafiəçilərin vəsatətlərinə etiraz edib. Deyib ki, A.Qasımlı onun özünə və ailəsinə ciddi ziyan vurub.
Məhkəmə bu vəsatətlərdən yalnız ev dustaqlığıyla bağlı məsələyə münasibət bildirib və təmin etməyib. Digər məsələlərlə bağlı isə iyulun 2-də keçiriləcək növbəti iclasda qərar veriləcək.
Afət Abbasova