Avropa Məhkəməsi “Quska”nın anası ilə bağlı hökumətə suallar göndərib

  • By admin
  • 08 İyul 2024 01:37

Avropa İnsan Hüquqları Məhkəməsi həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayət üzrə kommunikasiya başlayıb.

Bu barədə Zeynəb Abdullayevanın vəkili  Cavad Cavadov gununsesi.info-ya  açıqlamasında bildirib.

Vəkil xatırladıb ki, həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın ölkədən çıxışına 2018-ci ildən Baş Prokurorluq tərəfindən qadağa qoyulmuşdur. “Baxmayaraq ki, onun barəsində çıxarılmış Bakı Hərbi Məhkəməsinin 1 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzası tam icra olunmuşdur və hazırki statusu yalnız şahiddir. Avropa Məhkəməsi bununla bağlı araşdırmaya başlamış və hökümətə suallar ünvanlamışdır”.

Cavad Cavadov onu da  bildirib ki,  Avropa İnsan Hüquqları Məhkəməsinin vətəndaşların ölkədən çıxışlarına qoyulan qadağa ilə bağlı İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsinə dair Avropa Konvenisyanın 4 saylı Protokolunun 2-ci maddəsi konteksində 15-dən çox iş üzrə kommunikasiyaya başladığını bildirib və şikayətçilər arasında Zeynəb Abdullayeva da vardır.

“Baş Prokurorluğun İstintaq İdarəsi şahid statusunda olan Zeynəb Abdullayevanın ölkədən çıxışına məhdudiyyət tətbiq edib, əslində isə bu məhdudiyyət 2018-ci ildən mövcud olub və götürülməmişdir” deyən vəkil daha sonra əlavə edib:

 

Eyni pozuntu ilə kommunikasiyaya başlanılan işdə başqa tanınmış şəxslər də vardır. Keçmiş siyasi məhbus Abgül Süleymanov, jurnalist Təmkin Cəfərov, həbsdə olan Azər Səricanovun həyat yoldaşı Elnarə Sarıcanova da vardır”.

Vəkil bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu məsələ ilə bağlı Mursaliyev və başqalarının şikayəti üzrə 13 dekabr 2018-ci il tarixli qərarında əks olunan formalaşmış hüquqi mövqeyi olsa da şahid statusunda olan şəxslərin ölkədən çıxışlarına hüquq mühafizə orqanları tərəfindən qadağa qoyulması kimi qanunsuz praktikanın qarşısını almaq mümkün olamamışdır.

Cavad Cavadov, həmçinin əlavə edib ki, Hüseyn Abdullayevə qarşı qanunsuz cinayət təqibi davam edir və Hökümət onun dərhal azadlığa buraxılmalı olması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarı icra etməkdən yayınır.

“Bununla bağlı müdafiə tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə, həmçini təsisatın digər strukturlarına müraciət olunmuşdur və məsələnin nəzarətə götürüldüyü bildirilmişdir”.

Afət 

Gununsesi.info