
Alimlərin yer üzündən kənar həyat axtarışları davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yeni bir araşdırma cavabın çox da uzaqda olmadığını göstərir.
Araşdırmalar nəticəsində məlum olub ki, yerdən 2,7 milyard kilometr uzaqlıqda olan Uranın peyki Mirandada potensial həyatın ola biləcəyi məlum olub.
Con Hopkins Tətbiqi Fizika Laboratoriyasının tədqiqatçıları Mirandanın səthinin altında yaşayış üçün əlverişli okean olduğuna dair dəlillər aşkar ediblər.
Tədqiqatın həmmüəllifi Tom Nordheim “Miranda kimi kiçik bir obyektin içərisində okean tapmaq inanılmaz bir kəşfdir” deyib.
Tədqiqatçılar Urana yeni missiya çağırmaqla bu kəşfi daha dərindən öyrənmək istəyirlər.
1986-cı ildə NASA-nın Voyager-2 kosmik gəmisindən alınan görüntülər Mirandanın cənub yarımkürəsinin maraqlı səth quruluşuna malik olduğunu göstərib.
Komanda bu görüntüləri yenidən qiymətləndirərək peykin daxili quruluşunu anlamaq üçün kompüter modeli hazırlayıb.
Təhlil nəticəsində Mirandanın səthindən təxminən 30 kilometr aşağıda 100-500 milyon il əvvəl mövcud olmuş böyük okean aşkar edilib.
Mirandanın radiusunun cəmi 225 kilometr olduğunu nəzərə alsaq, bu okeanın ayın demək olar ki, yarısını doldurmalı olduğu düşünülür.
Araşdırma qrupu okeanın hələ də mövcud olub-olmadığını və qalınlığını dəqiq bilmədiklərini bildirir.
Bununla belə, alimlər Uranın ən maraqlı səma cisimlərindən biri olduğunu vurğulayır və yeni kosmik missiyanın həyata keçirilməsinin lazım olduğunu bildirirlər.
2022-ci ildə dərc edilən hesabatda NASA-nın Urana missiya başlatması təklif edilirdi.
Alimlər ümid edirlər ki, bu kəşflər Günəş sistemindəki buz nəhəngləri haqqında anlayışımızı yaxşılaşdıracaq.
Orxan Saffari