Yüz il sonranın oxucusu və bu günün yaltaq yazıçısı: - Orxan Saffari yazır...

Azərbaycan ədəbiyyatı cəbhəsində müzakirəsi daim mübahisələr yaradan bir mövzu da “Ləyaqət, yaltaqlıq, mətn” mövzusudur.

Daha dəqiq, bir neçə hissəyə bölünmüş cameədə istənilən cür bəraətə rast gəlmək olur.

Məsələn, bir hissə “Əsas mətndir, istəyirsən, əclafın yekəsi ol, hər kəsə yaltaqlıq et, nə bacardınsa, qamarla”, digər hissə də “Mətnlərinlə yanaşı xarakterin də olsun, əgər sistem imkan vermirsə belə bacardığın qədər ləyaqətli ol, yaltaqlanma” deyir. Hansı hissə haqlıdır?! Bu, artıq həm indivudual məsələdir, həm də elə ümumi.

Əlbəttə, burada tək həqiqət həm də budur: – “Mətn elə bir şeydir, o varsa, sənə ölüm yoxdur.

Bunu poetik bu cür ifadə etmək olar: – “Ölümün öldürə bilmədiyi adam”.

Amma istənilən məsələdə olduğu kimi bu məsələdə də dövrü, şərtləri nəzərə almaq lazımdır. Çün, yaxın tariximizdə Sovetlər və orada gedən ədəbi proseslər var idi.

Sual olunur:

Bu gün daha çox kimlər sevilir? Əhməd Cavad, Hüseyn Cavid, yoxsa Süleyman Rüstəm, Məmməd Rahimlər?

Bəlkə, kimlərsə elə bilir, məsələn, Süleyman Rüstəmin mətni yoxdur?!

Başqa bir misal:

Hətta istedad baxımından böyük olan Səməd Vurğun da o qədər xatırlanıb sevilmir. Bu gün Səməd Vurğun unudulmadığı üçün yerlipərəst qazaxlılara və aşağı sinif ədəbiyyat kitablarına borcludur. Əgər dövlət təbliğ etməsəydi, heç o da xatırlanmayacaqdı. Üstəlik, o da var, çox da dərin olmayan bir-iki mətnlə xatırlanmaqla xatırlanmamaq arasında heç bir fərq yoxdur. Sözsüz, bu müstəvilərdə yaltaq, ləyaqətsiz yazıçı özünə hər zaman bəraət qazandıracaq və onu da hər zaman dəstəkləyən adamlar olacaq. Elə daha çox yazıçısı kimi yaltaq və ləyaqətsiz oxucu xatırlayacaq, özündən olan adama doğmalıq hiss edəcək, haqq qazandıracaq.

Əlbəttə, burada heç kim yazıçıya “Sən mütləq müxalifətçi olmalı, ölkə rəhbərliyinə qarşı sərt tənqidlər etməlisən” demir.

Burada “Heç olmasa, zərrə vicdanın olsun. Ən azından, münasibət bildirə biləcəyin, yazıçı və insan kimi də vətəndaş mövqeyi tələb olunan məsələlərə münasibət bildir, ağrını, kədərini ifadə et” deyilir.

Üstəlik, dövr də artıq o deyil. Yenə Sovetin “tör-töküntüləri” keçid dövrünü birtəhər keçə bildi. Müasir dövrün keçidi isə Sovetlərə bənzəməyəcək. Gələn hər nəsil daha sərt, daha yenilikçi, dəyərləri saf-çürük edən, daha doğru qiymətləndirə bilən formada gəlir.

İndi kim yüz il sonranın gəncinə izah edə biləcək, deyəcək, “ölkəmdə xeyli haqsızlıqlar olsa da, mən başımı aşağı salıb gül-bülbüldən yazdım?”

Axı yazıçı dövrünün güzgüsünə çevrilir, ictimai bir adam olur. Necə ola bilir, səni dövründə gedən, ölkəndə olan heç bir məsələ narahat etmir və sən oturub utopik mətnlərdən danışırsan?!

Diqqət edək: “Əsas mətndir” deyibən siyasətdən “çəkilən” yazıçıların böyük əksəriyyətinin də mətni yoxdur. Bəs onda söhbət nədən gedir? Mətn nəyə deyir bu adamlar?

Nəhayət, yüz il sonranın oxucusu bu günün yazıçısının üzünə tüpürəcək. Bundan heç kim şübhə etməsin. Onun dövrünün texnologiyası, kriteriyaları bu günün yazıçısının gül-bülbülünü, sevgi dərdi çəkən obrazını məhv edəcək. Onda ölkə də demokratiyanın zirvələrində olacaq, o dövrün oxucusu da baxıb deyəcək, ey yazıçı, “bəs sən niyə pensiya fondu üçün çalışırdın?” 

Yoxsa, bütün yaltaqlar yüz il sonranın mətnlərini yazdıqlarını düşünür?

Üstəlik, özünə bəraət qazandıran siyasi yaltaqların bir sözü də olur:

“Bəs mən buna məcburam? Yazıçını niyə yükləyirsiniz?”

Əlbəttə, haqlı iraddır, heç kim yazıçıya “bunu belə et, bunu elə et” deyə bilməz. Amma bu sözlər bilirsinizmi hansı yazıçıya deyilir?

Bu sözlər “siyasətə qarışmıram” deyib, bir tərəfdən də daim iqtidarın yanında olan, dövlət qurumlarında hansısa postu tutub və dövlətdən gələn hər cür imtiyazlardan yararlanan adamlara deyilir. Adama onu da deyərlər, bəs siyasətə qarışmırsansa, bu mövqeydə nə itin azıb?! Yoxsa, elə bilirsiniz, siyasətə qarışmamaq tək müxalifətə qarışmamaqdır? Üstəlik, məqam düşəndə siyasətə qarışmayan adamlar müxalifəti “vuraraq” vətəndaş, yazıçı mövqeyi də qoyur ortaya. Ola bilər, yazıçıya mükafat da verərlər, yazıçı onu da alar, amma sənə nə isə veriləndə qarşılığı da tələb olunursa və sən də iyrənc formada edirsənsə, onda gərək, bir qədər mumlamağı da bacarasan.

Şair demiş, “Aşıq, bəlkə, mumlayasan?!

Odur, heç kim, xüsusi ilə də yazıçı yaxasını qırağa çəkməsin. Bu cür məsələlərdə ancaq başını doğrudan da aşağı salaraq işini görən, nə iqtidar, nə müxalifət məsələlərinə qarışan, iddiası olmayan, nəsə istəməyən adamlar haqlı ola bilər.

Bu cür adam da, deyəsən, Azərbaycanda yoxdur.

Gununsesi.info