
İranın xarici işlər naziri Abbas Erakçi və misirli həmkarı Bədr Əbdüləti İsrailin təcavüzü nəticəsində regionda yaranmış vəziyyəti “təhlükəli” adlandırıb, Qəzza və Livandakı hücumları dərhal dayandırmağa çağırıblar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Erakçi və Misirin xarici işlər naziri Əbdüləti telefonda regional inkişafları və ikitərəfli əlaqələri müzakirə ediblər.
Görüş zamanı iki nazir regiondakı vəziyyəti “təhlükəli” adlandırıb və beynəlxalq ictimaiyyətin, xüsusilə də İslam ölkələrinin Livan və Qəzzada atəşkəsə nail olmaq üçün “təcili və təsirli” səylər göstərməli olduğunu vurğulayıblar.
Bundan əlavə, hər iki nazir son aylarda iki ölkə arasında aparılan müsbət danışıqlardan, xüsusilə də keçən həftə Rusiyada keçirilən BRİKS sammitində İran və Misir liderlərinin görüşündən məmnun olduqlarını bildiriblər və bu danışıqların gələcəkdə də davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Orxan Saffari