Sərxoş halda tutulan polşalı futbol hakimləri cəzalandırılıblar

  • By ilhame
  • 30 Avqust 2024 13:25

Polşa Futbol İttifaqının İntizam Komitəsi hakimlər Bartoş Frankovski və Tomaş Musialı cəzalandırıb.

Gununsesi.info-nun məlumatına görə, buna ədalət təmsilçilərinin ictimai asayişi və davranış qaydalarını pozmaları səbəb olub.

Onlar 25 min zloti məbləğində cərimə ediliblər. Referilər 5 aylıq diskvalifikasiya olunublar. Hakimlərə iki il sınaq müddəti də verilib. Bu cür hallar yenidən təkrarlansa, cəzaları 1 illik olacaq.

Qeyd edək ki, Frankovski və Musial Çempionlar Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) matçını idarə etməli idilər. Lakin onlar qarşılaşmadan əvvəlki gecə sərxoş halda polis tərəfindən saxlanılıblar. Bundan əlavə, onlar yol nişanını da oğurlayıblar. UEFA hakimləri başqaları ilə əvəz edib.

Gununsesi.info