
Rusiya Əfqanıstandakı Taliban hökumətini tanıdığını elan edərək, Taliban hökumətini rəsmən tanıyan ilk ölkə olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Əfqanıstanda 2021-ci ildə administrasiya dəyişikliyindən sonra qurulan Taliban hökumətini rəsmən tanıdıqlarını açıqlayıb.
Kabulov Rusiyanın RİA xəbər agentliyinə Əfqanıstanla bağlı açıqlamalar verib.
Rusiyanın Əfqanıstan hökumətini rəsmən tanıyıb-tanımaması ilə bağlı sualı cavablandıran Kabulov “Bəli, tanıyır” deyib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada xarici işlər nazirinin müavini Andrey Rudenkonun Əfqanıstanın Moskvadakı səfiri vəzifəsinə yeni təyin olunan Gül Həsənlə görüşdüyü bildirilib.
Açıqlamada Həsənin etimadnaməsinin surətlərini Rudenkoya çatdırdığı qeyd edilib.
Bundan əlavə, Rusiya mətbuatında əks olunan görüntülərdə Taliban müvəqqəti hökumətinin istifadə etdiyi bayrağın Moskvadakı Əfqanıstan səfirliyi qarşısında dalğalandığı əks olunub.
Rusiyanın bu qərarı ilə 15 avqust 2021-ci ildə administrasiya dəyişikliyindən sonra qurulan Əfqanıstan hökuməti ilk dəfə bir ölkə tərəfindən tanındı.
ABŞ və NATO hərbçiləri ölkəni tərk etdikdən sonra əvvəlki hökumət devrildi və bütün Əfqanıstanda nəzarəti ələ keçirən Taliban öz müvəqqəti hökumətini elan etdi.
Həmin dövrdə Qərb ölkələri Əfqanıstandakı diplomatik nümayəndəliklərini bağladılar və yalnız bir neçə ölkənin səfirlikləri paytaxt Kabildə aktiv fəaliyyətini davam etdirdi.
Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında Talibanı terrorçular siyahısından çıxaran qanun layihəsini imzalayıb.
Orxan