“Freedom Bank” “Zolotaya Korona” vasitəsilə pul köçürmələrini dayandırıb

Qazaxıstanın “Freedom Bank”ı “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə pul köçürmələrini dayandırıb.

Gununsesi.info Forbes Kazakhstan-a istinadən  xəbər verir.

Bank ödəniş sistemindən əlavə məlumat aldıqdan sonra əlavə addımlar atacağını bildirib.

ABŞ avqustun 23-də “Zolotaya Korona”nın yaradıcısı olan Rusiya Maliyyə Texnologiyaları Mərkəzinə qarşı sanksiyalar tətbiq etdikdən sonra bank köçürmələri dayandırıb.

Qazaxıstanın beş bankı – CenterCredit Bank, Bereke Bank, Avrasiya Bankı, Bank RBK, Nurbank bildiriblər ki, onlar həmişəki kimi Zolotaya Korona ilə işləməkdə davam edirlər, lakin vəziyyətin inkişafını izləyirlər.

HalykBank da öz növbəsində tətbiq edilən sanksiyaları təhlil etdiyini bildirib.

RBC avqustun 24-də xəbər verir ki, Gürcüstanın ən böyük banklarından biri olan “Bank of Georgia” “Zolotaya Korona”nın tərtibatçısına qarşı sanksiyalar tətbiq edildikdən sonra sistem vasitəsilə pul köçürmələrində texniki problemlər yaranıb, lakin sonra köçürmələr bərpa edilib.

Visa və MasterCard beynəlxalq ödəniş sistemləri müharibə səbəbindən Rusiyanı tərk etdikdən sonra Zolotaya Korona Rusiyadan digər ölkələrə pul köçürmələri üçün əsas kanallardan birinə çevrilib.

 

 

Afət

Gununsesi.info