Vardanyanın işgəncə hay-küyü

  • By admin
  • 14 İyun 2024 12:58

Qarabağda keçmiş separatçı rejimin Bakıda doqquz aya yaxındır həbsdə olan “dövlət katibi” Ruben Vardanyanın beynəlxalq hüquq qrupu Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələrə qarşı Komitəsinin xüsusi məruzəçisinə təcili ərizə təqdim edib.

Onlar Bakının Vardanyana qarşı işgəncə və “qəddar” rəftarını pisləməyə çağırıblar.

 

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə,  ailəsinə və beynəlxalq vəkillərinə bildirilib ki, 2024-cü ilin aprelində aclıq aksiyası zamanı Vardanyan karserə (cərimə kamerası) salınıb, yuxudan, içməli sudan və xarici aləmlə ünsiyyətdən məhrum edilib: “Hələ də bunun nəticəsində aldığı fiziki və zehni travmanın şiddətini bilmirik”.

“Azərbaycan onu təhdid kimi görür, buna görə də susdurmağa çalışır, qanunsuz həbslərə və son vaxtlar işgəncələrə əl atır. Azərbaycan hakimiyyəti öz ölkəsinin beynəlxalq arenada ciddi qəbul olunmasını və COP29-un (BMT-nin iqlim konfransı) sülh konfransına çevrilməsini istəyirsə, Rubenə qarşı pis rəftarını dayandırmalı, onu və Dağlıq Qarabağın digər siyasi məhbuslarını dərhal azad etməlidir”, – Vardanyan ailəsinin beynəlxalq hüquq məsləhətçisi Cared Qenser bildirib.

“Atamın çəkdiyi dəhşətlər haqqında öyrəndikdə şok olduq”, – R.Vardanyanın böyük oğlu David də bildirib.

Rəsmi Bakı Qarabağda həbs edilənləri siyasi məhbus kimi tanımır. Rəsmilərin bildirməsinə görə, ümumilikdə də ölkə həbsxanalarında siyasi məhbusların olması ilə bağlı deyilənlər əsassızdır. Onların vurğulamasına görə, bununla bağlı hüquq müdafiə təşkilatlarının siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

 

Gununsesi.info