Bu il devalvasiya ola bilərmi? - İQTİSADÇI DEPUTAT DANIŞIR

Bu ilin əvvəlindən Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edib. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Açıqlanan rəqəmlərə görə, ilin ilk üç ayında Azərbaycanda əhalinin də dollara tələbi kəskin artıb. 2024-cü ilin yanvar-mart aylarında insanlar banklardan 931.3 milyon dollar alıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz çoxdur.

Parlamentin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov xatırladır ki, bir müddət əvvəl manatın müəyyən devalvasiyaya uğrayacağı barədə şayiələr var idi və insanlar bundan narahat olmuşdu: “Amma mən özüm də bir neçə dəfə demişdim ki, 2024-cü ildə devalvasiya prosesi gözlənilmir”.

Deputatın sözlərinə görə, insanlar çalışırdı ki, manatı dollara çevirsinlər: “İkincisi də, ticarət ilə əlaqədar olaraq müəyyən məhsulların idxalı artıb. Keçən il bu göstərici 2 milyard manatdan çox artmışdı, bu il də təxminən 2 milyard. İdxal artdığı üçün də manatı başqa valyutaya çevirirlər və həmin vəsaitdən istifadə edirlər. Əsas səbəblər bunlardır”.

V.Əhmədovun fikrincə, manat kifayət qədər oturuşmuş bir valyutadır: “Ona görə də onun dəyərdən düşməsi, hələlik, gözlənilmir”.

Daha ətraflı oxumaq üçün BİO-dakı linkə keçid edin.