ABŞ Ukrayna ilə 10 illik təhlükəsizlik sazişi imzalayıb

  • By admin
  • 14 İyun 2024 10:08

ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.

Gununsesi.info ABÇ mediasına istinadən xəbər verir ki, saziş 10 il müddəti üçün nəzərdə tutulub. İmzalanma mərasimi iyunun 13-də Böyük yeddilərin G7 qrupunun İtaliyada keçirilən sammitinin əsnasında baş tutub.

Zelenski bu iclasa dünyanın 7 aparıcı demokratik ölkəsinin liderləri tərəfindən dəvət olunub. Elə burada Rusiya ilə müharibədə Ukraynaya dəstək verilməsi məsələsi müzakirə olunub.

Reuters agentliyinin yazdığına görə Ukraynaya NATO üzvlüyü istiqamətində kömək göstərilməsi bu sənəddə birbaşa təsbit edilib.

Amma bu sənəddə Ukraynaya qarşı təcavüz təqdirində ona NATO üzvləri arasında olduğu kimi birbaşa hərbi dəstək barədə öhdəlik yoxdur.

Lakin sazişdə göstərilir ki, Ukraynaya qarşı təcavüz və ya təcavüz hədəsi olduqda ona göstəriləcək dəstəyin müəyyənləşdirilməsi məqsədilə 24 saat ərzində məsləhətləşmələr keçirilməlidir.

Bu sənəddə habelə ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyinə dair müddəalar var.

Belə ki, razılaşmaya görə Birləşmiş Ştatlar öz üzərinə Ukraynaya silah təchizatı, Ukrayna hərbçilərinin təlimləndirilməsi və Kiyevə lazımi məsləhətlərin verilməsi üçün uzunmüddətli öhdəlik götürür.

 

Sazişin sevindirən və məyus edən məqamları

Bununla belə The Washington Post qəzeti xatırladır ki, bu razılaşmanın Konqres tərəfindən qəbuluna ehtiyac olmadığına görə sənəd istənilən növbəti ABŞ prezidentinin sərəncamı ilə ləğv edilə bilər.

Co Bayden imzalama mərasimindən sonra etdiyi çıxışında deyib ki, Ukraynada sülhə nail olunması onun özünü təcavüzdən qorunmaq qabiliyyəti ilə şərtləndirilir, amma sülhün özü suverenlik prinsipinə və BMT Nizamnaməsinə hörmətə əsaslanmalıdır.

ABŞ prezidentinin sözlərinə görə G7 ölkələri Ukraynaya dəstək verilməsinə sadiqdirlər və İtaliya sammitinin qərarları Ukraynanın qələbəsi üçün güclü bünövrə sayılmalıdır.

Bayden bunu da qeyd edib ki, ABŞ-ın onun uzaqvuran silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinə dair mövqeyi dəyişməyib.

Administrasiya bundan əvvəl bildirmişdi ki, Ukrayna ABŞ raketləri ilə Rusiya ərazisinin ən uzağı 300 kilometrlik dərinliyini vura bilər.

Bayden vurğulayıb ki, bu saziş habelə Ukraynaya ABŞ hərbçilərinin göndərilməsini nəzərdə tutmur.

Zelenski öz növbəsində iyunun 13-nü “tarixi gün” adlandırıb və deyib ki, ABŞ-la imzalanmış saziş Ukraynanın müstəqillik əldə etməsindən bəri onun bağladığı ikitərəfli razılaşmaların ən mühümüdür.

Ukrayna prezidenti Kiyevə daha 7 dəst Patriot raket sistemlərinin verilməsini rica edib. Bayden deyib ki, hava hücumundan müdafiə kompleksləri tez bir zamanda Ukraynaya çatdırılacaq.

Bayden çıxışında habelə Çini tənqid edib və deyib ki, Pekin Rusiyanı material və avadanlıqlarla təchiz etməklə Moskvaya dəstək verir.

Zelenski isə qeyd edib ki, Çin lideri Si Tsinpin ona Pekinin Rusiyaya silah verməyəcəyini vəd edib.

Bundan əvvəl Kiyev daha onlarca ölkə ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayıb. Bu ölkələrin əksəriyyəti NATO üzvləridir.

İyunun 13-də elə İtaliya sammitində Ukrayna və Yaponiya arasında da təhlükəsizlik paktı imzalanıb.

Ukrayna rəsmiləri gileylənirlər ki, bu sənədlərin mühümlüyünə baxmayaraq, onlar ölkənin NATO üzvlüyünü əvəz edə bilməz.

Günay Mahirqızı

Gununsesi.info