Rövşən Rüstəmov: “BTQ ilə ildə 60 min ton mis daşınacaq”

  • By ilhame
  • 13 İyun 2024 13:49

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə ildə 60 min ton mis daşınacaq.

 

Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

 

Onun sözlərinə görə, artıq bununla bağlı müqavilə imzalanıb: “BTQ-nin 184 kilometrlik Gürcüstan hissəsində təmir-bərpa, yenidənqurma və genişləndirmə işləri başa çatdıqdan və dəmir yolu xətti yenidən fəaliyyətə başladıqdan sonra bəzi müştərilərimiz dərhal bizə müraciət ediblər”.

 

BTQ ilə yükdaşıma bu il mayın 20-dən bərpa edilib, həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib.

 

BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib, 2023-cü ilin mayın 16-dan onun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. Dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.

 

BTQ-nin Gürcüstan hissəsinin təmiri nəticəsində onunla yükdaşımaların həcminin ildə 5 milyon tona çatması, dəmir yolu xəttinin Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.

Gununsesi.info