
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağına elektrik enerjisini kəsməsini “ən sərt şəkildə” pisləyib. Hesabatlılığı təmin etmək üçün beynəlxalq mexanizmlər çağırıldı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Səudiyyə Ərəbistanı işğalçı İsrail hakimiyyətinin Qəzza zolağına elektrik enerjisinin verilişini kəsərək fələstinliləri kollektiv şəkildə cəzalandırmasını qəti şəkildə pisləyir ”
İsrailin beynəlxalq humanitar hüququ pozmasını rədd edən bəyanatda deyilir: “Səudiyyə Ərəbistanı Qəzza zolağına elektrik enerjisi və humanitar yardımların dərhal, qeyd-şərtsiz və məhdudiyyətsiz çatdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyətdən təcili tədbirlər görməsini tələb etdiyini vurğulayır”.
Bəyanatda İsrailin “ciddi pozuntularına” diqqət çəkilib və hesabatlılığın təmin edilməsi üçün beynəlxalq mexanizmlərin işə salınması çağırışı təkrarlanıb. Qəzza zolağında elektrik enerjisi xüsusilə su təmizləyici qurğular, çörəkbişirmə zavodları və xəstəxanalar üçün həyati əhəmiyyət kəsb edir. Dəniz suyunu duzsuzlaşdıran qurğuların sıradan çıxması mülki əhalinin çörək və təmiz suya çıxışını çətinləşdirir.
İsrailin generatorlar üçün lazım olan yanacağın qarşısını kəsməsi 2 milyon Qəzzalının yaşadığı humanitar fəlakəti daha da dərinləşdirir.
İsrail HƏMAS ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsi başa çatdıqdan sonra martın 2-də Qəzza zolağına humanitar yardımı dayandırıb. İsrailin energetika naziri Eli Koen martın 9-da Qəzza zolağına elektrik enerjisinin verilişini dərhal dayandırmağa qərar verdiklərini açıqlayıb.
Orxan