
Rusiya Rumıniyanın mart ayında iki rus diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Buxarestin hərbi attaşesini və onun müavinini ölkədən çıxardığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi müdafiə attaşesi və onun Rumıniyanın Moskvadakı diplomatik missiyasında xidmət edən köməkçisinin “persona non qrata” elan edildiyini və bu qərarın Rumıniyanın müvəqqəti işlər vəkilinə bildirildiyini açıqlayıb.
“Bu addım Rusiyanın Buxarestdəki səfirliyində xidmət etmiş hərbi attaşe və onun köməkçisinin heç bir əsas olmadan Rumıniyanın bundan əvvəl ölkədən çıxarılmasına cavabdır”, – nazirliyin bəyanatında deyilir.
Rumıniyanın rus diplomatlarını ölkədən çıxarmaq qərarı Rusiyanın Rumıniyada “daxili siyasətə müdaxilə etdiyi” iddialarından sonra qəbul edilib.
Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda qalib gələn NATO və Avropa İttifaqı əleyhinə namizəd Kalin Georgeskunun qələbəsi ləğv edilib və ona prezidentliyə namizədliyi qadağan edilib. Rumıniya hakimiyyəti Georgescu-nun Rusiya tərəfindən dəstəkləndiyini düşünür.
Son illərdə Rusiya və Qərb ölkələri əsasən casusluq ittihamı ilə qarşılıqlı olaraq bir-birinin diplomatlarını qovmağa davam edir.
Orxan