
“İlk növbədə onu qeyd etmək lazımdır ki, hər iki qanun layihəsində irəli sürülən təkliflər “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” cənab Prezidentin 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərmanın icrası baxımından xüsusi əhəmiyyət kəsb edir.”
Gununsesi.info xəbər verir ki, bu sözləri deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.
Deputat bildirib ki, təqdim edilən layihələr ədalət mühakiməsinin institusional təminatı üçün yeni yanaşmalar təklif edir və ən vacibi isə təkliflərin məzmunu və mahiyyəti elə hazırlanıb ki, bunlar bir-birini tamamlayır.
Deputat iclasda xüsusi müddəalarla çıxış edib. Sözügedən müddəaları təqdim edirik:
1-ci – Vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi, hakimlərin seçim prosesinin sürətləndirilməsini və şəffaflaşdırılmasını nəzərdə tutur.
“Əgər əvəllər hakimlər yalnız yazılı və şifahi imtahan əsasında seçilirdilərsə, yeni təklifə əsasən hakimlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər. Bu cür yanaşma daha bacarıqlı və bilikli, hakimin yüksək adına hörmət gətirə biləcək şəxslərin hakim seçilməsi, digər tərəfdən mümkün subyektiv amillərin qarşısını alınması baxımından faydalı ola bilər.”,- Azay Quliyev əlavə edib.
2-ci – Xüsusi əhəmiyyət kəsb edən yenilik hakimlərin qiymətləndirilməsi ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır.
“Layihəyə görə hakimlərin qiymətləndirilməsi birbaşa Məhkəmə Hüquq Şurası tərəfindən deyil, birinci, appelyasiya və ali məhkəmə hakimlərinin hər birindən 3 hakim olmaqla yaradılan Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən həyata keçiriləcək. Məlum olduğu kimi, qüvvədə olan mətndə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası 112-c i maddədə detallı şəkildə əks olunub, lakin yeni layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən intizam tədbirlərinin görülməsi Məhkəmə Hüquq Şurası tərəfindən müəyyən edilən metodologiya və qaydalar əsasında həyata keçiriləcəkdir.”- Azay Quliyev bildirib.
O, həmçinin deyib:
“Qiymətləndirmənin məhkəmənin və hakimin fəaliyyəti ilə bağlı mütəmadi olaraq aparılan monitorinqin nəticələri, bu barədə elektron qaydada sistemləşdirilən baza məlumatları və müəyyən edilmiş konkret meyarlar əsasında aparılması imkan verəcək ki, qiymətləndirmə daha obyektiv və ədalətli olsun, eyni zamanda intizam tədbirləri yol verilmiş nöqsana adekvat və proporsional şəkildə müəyyən edilsin. Ən azı qanun layihəsinin mahiyyətindən belə bir qənaətə gəlmək mümkündür.Digər tərəfdən, qiymətləndirmənin yalnız hakimlər tərəfindən aparılması, məsələyə aid müvafiq səsvermə zamanı Məhkəmə Hüquq Şurasının yalnız hakim üzvlərinin səsvermədə iştirak etməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə də əlavə töhvə verəcək.
Azay Quliyev çıxışında daha sonra Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının yaradılması ilə bağlı da çıxış edib:
3-cü – Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının yaradılması.
“Şəfaflığın təmin olunması və verilən şikayətlərin daha təkmil və operativ formada baxılması üçün yaxşı mexanizm rolunu oynaya bilər. Göründüyü kimi, qanun layihəsində əks olunan müddəalar mütərəqqi xarakter daşıyır və bizim də gözləntimiz odur ki, bu dəyişiklər ölkəmizdə ədalət mühakiməsinin təntənəsinə xidmət etmiş olsun.”, – o, bildirib.
Daha sonra çıxışına davam edən Azay Quliyev nitqini bu cür sonlandırıb:
“Ədalət mühakiməsindən söz düşmükşən, burada vəkillərlə bağlı bir məsələyə toxunmaq istərdim. Hazırda dövlət hesabına hüquqi yardımın hər saatına görə vəkilə cəmi 6 manat vəsiyyət ödənilir. Etiraf etmək lazımdır ki, bu vəsait keyfiyyətli hüquqi yardım üçün olduqca azdır. Bu səbəbdən bir çox vəkillər dövlət hesabına hüquqi yardım göstərməkdə maraqlı olmurlar. Belə vəziyyət vəkillik institutnun inkişafına, xüsusilə regionlarda fəaliyyət göstərən vəkillərin sayının artmasına mənfi təsir göstərir.
O, onu da qeyd edib ki, hətta bu gün elə rayon var, 1 nəfər vəkil, elə rayonda var, ümumiyytələ, vəkil fəaliyyət göstərmir. Düşünürəm ki, bu məsələni gündəmə gətriməyə dəyər və yaxşı olar ki, aidiyyəti qurumlar vəkillik institutunun üzləşdiyi bu problemin həllinə diqqət ayırsın.