
Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tərəflər tərəfindən respublika prezidenti Məsud Pezeşkianın Moskvaya ayrıca səfəri zamanı imzalanacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali məlumat verib.
“Bu saziş Kazanda 22-24 oktyabr BRİKS sammiti zamanı imzalanmağa hazır idi, lakin iki ölkənin prezidentləri Aşqabadda keçirilən görüşdə razılaşıblar ki, bu, ikitərəfli səfərlər zamanı bağlanacaq. Bununla əlaqədar olaraq, Vladimir Putin Pezeşkianı Moskvaya səfərə dəvət etdi”, – deyə səfir bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Andrey Rudenko iyulun 23-də TASS-a müsahibəsində bildirib ki, Rusiya İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin mətninin razılaşdırılmasını başa çatdırıb.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin “Vedomosti”yə bildirib ki, sənəd iki ölkə arasında ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin genişləndirilməsinə maneələri aradan qaldırmaq məqsədi daşıyır.
Onun sözlərinə görə, münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında 2001-ci ildə imzalanmış əvvəlki saziş xeyli köhnəlib – dövlətlərdə daxili siyasi vəziyyət və beynəlxalq fon çox dəyişib.
Şəbnəm