
Avropa Şurası oktyabrın 17-də keçirilən iclasının yekunlarını dərc edib və burada bir daha Gürcüstan hakimiyyətinin Avropa İttifaqının əsas dəyərlərinə və prinsiplərinə zidd olan hərəkətlərindən ciddi narahatlığını ifadə edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avropa Şurası qeyd edib ki, “bu cür hərəkətlər Gürcüstanın Avropa yolunu təhlükə altına qoyur.
Şura Gürcüstanı Avropa inteqrasiyasının əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar aparmağa çağırıb.
Bildirilib ki, Gürcüstandakı vəziyyət şura tərəfindən yaxından izlənməyə davam ediləcək.
“Avropa Şurası qarşıdan gələn parlament seçkilərinin beynəlxalq standartlara uyğun olaraq azad və ədalətli olmasını, beynəlxalq və yerli müşahidəçilərin maneəsiz çıxış edə biləcəyini gözləyir. Avropa Şurası azad, müstəqil və plüralist medianın qorunmasının vacibliyini vurğulayır”– deyə yekunda vurğulanır.
Bundan əlavə, Şura həmçinin Aİ-nin “Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini” bir daha təsdiqləyib və Aİ-nin münaqişələrin sülh yolu ilə həllinə, eləcə də tanınmama siyasətinə davamlı sadiqliyini vurğulayıb.
Avropa Şurasının iclasından sonra Fransa prezidenti Emmanuel Makron mətbuat konfransında deyib: “Biz Gürcüstandakı vəziyyətlə bağlı narahatlığımızı ifadə etdik, burada hakimiyyət kursunun dəyişməsi üzvlük prosesinin virtual dayandırılmasına gətirib çıxarıb. Bir neçə gündən sonra gürcü xalqı öz sözünü deyəcək”.