
Azərbaycan tarixində əhəmiyyətli bir an olan Vətən müharibəsi başlamasının dörd ili tamam oldu.
44 günlük bu müharibə nəticəsində doğma Qarabağ, Ana Vətənimiz – Azərbaycana qovuşdu, xalqımızın 30 illik həsrətinə son qoydu.
Bu döyüş ordumuzun gücünü nümayiş etdirərək, qələbə ilə nəticələndi.
İkinci Qarabağ müharibəsi tariximizin parlaq bir dönüm nöqtəsidir.
Xalqımız bu yolda mübarizə aparan qəhrəmanlarımızın cəsarətini daim dəyərləndirir və şəhidlərimizin xatirəsini ehtiramla yad edir.
Prezident İlham Əliyev 2020-ci il 2 dekabr tarixində, 27 sentyabr Vətən müharibəsinin başladığı günü Azərbaycanda “Anım Günü” kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu addım şəhidlərimizin ruhuna, doğmalarına ehtiramın göstəricisidir.
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhid olub.
Postmüharibə dövründə Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması ilə yanaşı, paralel olaraq öz şəhidlərini unutmadı, qayğısını qazilərdən əsirgəmədi.
Bu barədə Gununsesi.info-ya danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirir ki, şəhid ailələri üzvləri və müharibə iştirakçılarına daima sosial dəstək tədbirləri həyata keçirilib.
“Şəhid ailələrinin üzvlərinə və müharibə veteranlarından ibarət olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Eyni zamanda şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 67 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2 204 şəxs 60 min reabilitasiya vasitəsi, o cümlədən 488 şəxs 594 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Həmçinin şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 23,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 11,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub”, – deyə o qeyd edib.
F. Talıbov vurğulayıb ki, ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 358 min xidmət göstərilib.
O, əlavə edib ki, ötən dövrdə şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ödənilən sosial ödənişlərdə dəfələrlə artım baş verib və bu kateqoriyadan olan şəxslərə yeni sosial ödəniş növləri təsis edilib.
Gununsesi.info-danışan Şəhid kapitan Nəcəfov Vüqar Aydın oğlunun anası Yusifova Şəmsiyyə Anım Günü ilə bağlı fikirlərini bölüşüb:
“Anım Günü həm də fəxr günüdür. Fəxr edirəm ki, oğlum qalib dövlətin qəhrəmanıdır. O, hərbçi idi. Bəzən həyatda gözləmədiyimiz anları yaşayırıq. Biz də heç gözləmədiyimiz anı yaşadıq. Ancaq çox qürurluyuq, bugün ki, günü yaşatmaqda mənim də oğlumun haqqı var. Bir ana kimi mənim də payım var. Nə qədər kədərli, nikbin olsam da, Vüqarın anası olduğum üçün çox qürurluyam. Dalğalanan bayrağımız heç zaman yenməsin. Azərbaycan xalqının bütövlüyü daima olsun. Dünyamız əmin-amanlıq içində yaşasın”.
Şəhid Mayor Cəfərov Ruslan Gündüz oğlunun anası Cəfərova Aminə də qeyd edib ki, hər anım günündə fəxr və qürur hissi ilə yaşayır:
“Anım günü tək bizim yox, bütün Azərbaycan xalqının günüdür. Bu günü hər kəs öz şəhidini yad edir, xatırlayır. 27 Sentyabr Prezident İlham Əliyev torpaqlarımızın azad olmağı üçün əmr verdi. Bununla da bütün Azərbaycan ordusu müharibəyə qoşuldu. O cümlədən də mənim oğlum. Ruslan akademiya təhsilli zabit idi. Azərbaycanın bir çox bölgələrində xidmət edib. Öz arzusu, öz istəyi ilə xidməti borcunu yerinə yetirirdi. Azərbaycanın hər bir bölgəsini qarış-qarış tanıyırdı. Eləcə də müharibəyə qoşuldu. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ailəmiz hərbçilər ailəsidir, əslən Xocalıdanıq. Həyat yoldaşım da hərbçi olub, Sovet dövründə Əfqanıstanda gedən müharibələrdə iştirak edib. İkinci oğlum Cəfərov Rəşad Xüsusi təyinatların böyük zabiti idi. Hər ikisi bir istiqamətdə, bir-birindən xəbərsiz olaraq döyüşürdülər. Üçüncü oğlum da antiterror əməliyyatlarının fəal iştirakçısı olub. Belə oğullar dünyaya gətirdiyim üçün fəxr edirəm. Hər ailədə belə vətənpərvər oğullar böyümür”.
Şəhid anası Aminə ana deyir ki, onun kimi bütün analar bu gündə qürur hissi duyur:
“Qürur duyuruq ki, bizim 30 ildən artıq işğalda qalan torpaqlarımız azad olundu. Məhz biz bunu öz şəhidlərimizin hesabına qazandıq. Bəli, torpaqlarımız qayıtdı, təəssüf ki, özləri qayıtmadı. Yenə fəxr edirik ki, bu gün biz Bütöv Azərbaycanda yaşayırıq”.
Bu gün Azərbaycan qalib dövlət olaraq yaşayır və bundan sonra da qalib olaraq qalacaq. Vətən uğrunda şəhid olanlar heç zaman unudulmayacaq.
Şəbnəm Rəhimova
Gununsesi.info