
27 Sentyabr – Anım Günü münasibəti ilə “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları Şəhidlərin əziz xatirəsini anmaq üçün II Fəxri xiyabanı ziyarət edib.
Gununsesi.info-nun xəbərinə görə, “SOS” MMC-nin nümayəndələri İkinci Fəxri Xiyabana yollanaraq, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarı önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və şəhid ailələrinə başsağlığı verilib.
“SOS” MMC-nin nümayəndələri ilə birgə bu tədbirdə xeyli sayda şəhid ailələri, II Qarabağ müharibəsi iştirakçısı, qazi və veteranlar da Fəxri xiyabanı ziyarət edib. Onlar arasında şəhid Allahverdi Novruzovun atası Bəhram Novruzov, anası Məlahət Novruzova, şəhid Rəhimov Ruslan Tanrıverdi oğlunun həyat yoldaşı, “SOS” MMC -nin əməkdaşı Minə Rəhimova, şəhid Məmmədli İmran Cahangir oğlunun həyat yoldaşı “SOS” MMC -nin əməkdaşı Dilarə İbrahimova və I Qarabağ müharibəsi iştirakçısı, şəhid Əmralıyev Çingiz Qərib oğlunun həyat yoldaşı “SOS” MMC-nin əməkdaşı Səidə Əmralıyeva da olub.
Daha sonra əməkdaşlar İkinci Fəxri Xiyabanından, şəhid Novruzov Allahverdinin valideynləri ilə birgə, onun əvvəl xidmət etdiyi komandaya yollanaraq xatirə abidəsi önünə əkili qoyublar.
Qeyd edək ki, həmin tədbirdə “SOS” MMC-nin əməkdaşlıq etdiyi, Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin rəhbərliyi də iştirak edib.
Saytımıza açıqlamasında “SOS” MMC-nin direktoru Anar Məmmədov Anım Günü ilə bağlı öz fikirlərini bölüşüb:
“Artıq Azərbaycan müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qafqazın ən güclü ordusu sayılan Azərbaycan silahlı qüvvələrinin əzmi, qətiyyəti və iradəsi hesabına öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Ölkəmizin hər bir yerində, o cümlədən Xankəndidə, Xocalıda şanlı üç rəngli Azərbaycan bayrağı dalğalanmaqdadır. Bütün bunlar bu müqəddəs ziyarətgahda əbədi uyuyan, torpaq uğrunda can alan, can verən, özünün yaşamaq hüququndan keçən bizim igid şəhidlərimizin canı, qanı bahasına baş vermişdir. Sentyabr ayının 19 da sonuncu dəfə keçirilən lokal antiterror əməliyyatından sonra dövlətimizin suverenliyi tam bərqərar olundu. Bildiyimiz kimi ölkə başçısı cənab İlham Əliyev bir neçə gün bundan öncə 27 sentyabr tarixinin bundan sonra ölkəmizdə “Suverenlik günü” kimi qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu çox sevindirici haldır, bundan sonra 27 sentyabr kədər, üzüntü hissi ilə yanaşı, həm də büyük qürur hissi ilə qeyd olunacaq. Gələcək nəsillər bu günün əhəmiyyətini heç vaxt unutmayaraq, xalqımızın qan yaddaşında əbədi yaşayacaq və yaşadılacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun!”.
Şəbnəm Rəhimova
Gununsesi.info