Səslərini 5 kilometrdən eşitmək mümkündür…

Kolumbiyada ulayan meymun balası tutulub. Təbiətin ən səs-küylü quru heyvanlarından biri olan 4 aylıq ulayan meymun ölkədə qanunsuz heyvan ticarətinə qarşı keçirilən əməliyyatda ələ keçirilib və mühafizəyə götürülüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər ulayan meymun balasını ölkənin Meta bölgəsindəki Villavicencio şəhərindəki Bioparque Los Ocarros zooparkına çatdırıblar.

Səlahiyyətlilər vurğuladılar ki, ulayan meymunlar təbii yaşayış yerlərindən qoparıldıqda, onların sağ qalma şansları əhəmiyyətli dərəcədə azalır və onlar yenidən təbiətə buraxıldıqları təqdirdə öz növləri tərəfindən rədd edilmək riski ilə üzləşirlər.

Kolumbiyada polis qeyri-qanuni heyvan alverinə qarşı əməliyyatlar keçirərək qarşısını almağa çalışır. Bununla belə, qeyri-qanuni heyvan alveri ölkədə mütəşəkkil cinayətkar qruplar və qeyri-adekvat nəzarət ucbatından ciddi problem olaraq qalır.

Yerli KİV-in məlumatına görə, ölkədə qaçaqmalçıların ən çox hədəfinə meymunlar, tutuquşular, yaquarlar, tısbağalar, qurbağalar və nadir sürünənlər daxildir.

Ulayan meymunlar adlarını çıxardıqları yüksək ulama səslərindən alırlar. Cənubi və Mərkəzi Amerikanın tropik meşələrində yaşayan bu primat növü təbiətdəki ən səs-küylü quru heyvanlarından biri kimi tanınır və səsləri 5 kilometr uzaqdan eşidilir. Ulayan meymunların çıxardığı güclü səslər meşədə əks-səda verir, onlara ünsiyyət qurmağa imkan verir və düşmənləri üzərində üstünlük verir.

Orxan 

Gununsesi.info