
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın sədri Taleh Kazımov bir qrup iqtisadçı və bank sahəsi ilə məşğul olan hüquqşünaslarla görüşüb.
Görüş barədə Gununsesi.info-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, bu dəfəki görüş də həmişəki kimi açıq müzakirələr aparılıb: “Həmişəkindən bir qədər gərgin. Fikir ayrılıqlarına baxmayaraq, 30-dan çox sual ətrafında konsturktiv müzakirələr oldu: pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. Əslində, qanunla da bu belədir, amma riayət olunmur. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir.