
Goranboyda sevgi üstündə ailələr arasında yaranan mübahisə qanla nəticələnib.
Gununsesi.info xəbər verir ki, hadisə ötən ilin dekabr ayında baş verib. 2000-ci il təvəllüdlü Cavid (ad şərtidir) həmkəndlisi Aygünə (ad şərtidir) evlənmək məqsədilə elçi düşmək niyyətində olub. Gənc oğlan əvvəlcə Aygünün qardaşı ilə əlaqə saxlayaraq hisslərini və fikirlərini bölüşüb. Ailədaxili razılıq əldə olunsa da, qızın atası Elxan (ad şərtidir) bu münasibətə sərt reaksiya verib.
Hadisə şahidlərinin sözlərinə görə, Elxan Cavidi telefonla təhqir edib və ondan qızından uzaq durmasını tələb edib. Qarşılıqlı mübahisə və söyüşlərdən sonra Cavid Elxanı görüşə çağırıb və cibində bıçaqla həmin əraziyə yollanıb.
Görüş zamanı tərəflər arasında yenidən mübahisə yaranıb. Elxanın sərt və təhqiredici ifadələr işlətməsindən sonra Cavid özünü saxlaya bilməyib və ona üç bıçaq zərbəsi endirib. Yaralı Elxan avtomobillə xəstəxanaya getməyə çalışsa da, yolda huşunu itirib və maşın idarəetmədən çıxaraq su kanalına düşüb. Sonradan təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib.
Məhkəmədə Cavid ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Elxanın dediyi nalayiq ifadələrə dözə bilməyib və həmin an özünə nəzarəti itirib.
“Dedi ki, cinsiyyət orqanını kəsib ağzına qoyacam. O söz məni məhv elədi. Həmin anda artıq özümə hakim ola bilmədim”, – deyə Cavid ifadəsində bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.1-ci maddələri ilə təqsirli bilinib və 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum olunub.
Şəbnəm