
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra 127 afterşok qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Fövqəladə Hallar Departamentinin operativ qərargahında məlumat verib.
“Yerli vaxtla saat 17:55-ə olan məlumata görə, ümumilikdə 127 afterşok qeydə alınıb, onlardan biri 5,9 bal gücündə olub”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Fatih rayonunda boş olan bir binanın dağıldığı təsdiqlənib. Digər dağıntılar qeydə alınmayıb.
Nazir həmçinin əlavə edib ki, zəlzələ nəticəsində zərər görmüş doqquz binadan sakinlərin təxliyəsi həyata keçirilib. Zəlzələ baş verən andan (yerli vaxtla 12:50) etibarən böhran mərkəzinə 10 mindən çox zəng daxil olub.