Direktorun vəfat etmə səbəbi ilə bağlı açıqlama

  • By ilhame
  • 13 İyun 2024 13:28

Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin direktoru Heybət İsmayılovun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən vəfat etməsi barədə iddia yayılıb.

 

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məktəbin müəllimi sosial şəbəkədə paylaşım edib.

 

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə 18 müəllimin sertifikasiya imtahanından kəsilməsi doğru məlumat deyil: “Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan ikisi imtahandan keçib. Direktor Heybət Xalıq oğlu İsmayılovun isə səhhətində problem var idi. Bu səbəbdən ürəktutmadan vəfat edib.

 

Qeyd edək ki, sertifikasiya imtahanı iyunun 8-i keçirilib, direktor isə iyunun 10-u dünyasını dəyişib.

 

Məlumatı sosial şəbəkədə yazan müəllim hazırda sosial məzuniyyətdədir. Yazdığı informasiyanın heç bir əsası yoxdur”.

Gununsesi.info