BND rəhbərindən ciddi xəbərdarlıq - Rusiya NATO-ya hücuma hazırlaşır

  • By Admin2
  • 10 İyun 2025 14:26
Bruno Kahl

Berlin – Almaniya Federal Kəşfiyyat Xidməti (BND) Rusiyanın NATO ərazisinə mümkün hücumu ilə bağlı ciddi xəbərdarlıq edib. Xidmətin rəhbəri Bruno Kahl verdiyi açıqlamada, Ukraynadakı müharibənin Rusiyanın genişmiqyaslı planlarının yalnız bir hissəsi olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, vəzifəsini yaxın vaxtlarda tərk edəcəyi gözlənilən Kahl (Bruno Kahl 2016-cı ildən Almaniyanın xarici kəşfiyyat xidməti olan BND-nin rəhbəridir. Mətbuat məlumatlarına görə, o, Romada Müqəddəs Taxt-Taca (Vatikan) səfir təyin olunacaq), “Table.Today” podkastında çıxışı zamanı deyib:

“Biz tam əminik və əlimizdəki kəşfiyyat məlumatları göstərir ki, Ukrayna Rusiyanın Qərbə doğru genişlənmək məqsədində yalnız bir mərhələdir.”

Kahlın sözlərinə görə, Moskvada artıq bəzi dairələr NATO-nun əsas müdafiə prinsipi olan 5-ci maddənin işləmədiyinə inanır və bu prinsipi sınaqdan keçirmək niyyətindədirlər. NATO-nun 5-ci maddəsi – kollektiv müdafiə – hər hansı bir üzv ölkəyə hücum olunduqda digər üzvlərin birgə müdafiəsini təmin edir. Bu müddəa ittifaqın əsas dayağı sayılır.

BND rəhbəri bildirib ki, Rusiya rəhbərliyi NATO-nu zəiflətmək və ABŞ-ı Avropadan sıxışdırıb çıxarmaq istəyir. Onların əsas məqsədi alyansı 1990-cı illərin sonundakı vəziyyətə qaytarmaqdır. O dövrdə NATO cəmi 16 üzvdən ibarət idi. 1999-cu ildən sonra isə Şərqə doğru genişlənərək Polşa, Çexiya, Macarıstan və sonradan Baltikyanı ölkələri də əhatə etdi.

Kahl əlavə edib ki, Rusiya bu məqsədlərinə çatmaq üçün mütləq klassik hərbi müdaxiləyə əl atmalı deyil. “Kifayət edər ki, Estoniya kimi bir ölkəyə ‘yaşıl adamlar’ – yəni rəsmi geyimdə olmayan hərbi birləşmələr – göndərərək guya orada yaşayan rus azlıqlarını qorumaq adı ilə qarışıqlıq yaratmağa çalışsınlar,” – deyə o bildirib. Bu ssenari Krımın ilhaqı zamanı da tətbiq olunmuşdu.

BND rəhbəri əlavə edib ki, “Bu, NATO üçün real bir test olacaq” və əgər bu testə gecikmiş reaksiya verilərsə, Rusiyanın növbəti addımları daha cəsarətli ola bilər.

Bruno Kahl eyni zamanda, Rusiyaya qarşı effektiv çəkindirmə siyasətinin vacibliyini vurğulayıb:
“Çəkindirmə – müharibənin qarşısını almağın ən az qanlı yoludur”.

O, hazırkı mərhələdə Qərblə Rusiya arasında danışıqların perspektivli olmadığını qeyd edib:
“Putinin düşüncə tərzində və aqressiv yanaşmasında heç bir dəyişiklik müşahidə olunmur.”

Kahlın sözlərinə görə, bir neçə gün öncə İstanbulda baş tutan danışıqlarda Rusiya tərəfinin irəli sürdüyü tələblər, əslində, Ukraynanın qeyd-şərtsiz təslim olmasını hədəfləyir.

Bu xəbərdarlıq Almaniya daxilində və NATO-nun digər üzvləri arasında ciddi narahatlıq yaradıb. NATO rəhbərliyi və üzv dövlətlər indi öz təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirmək məcburiyyətindədir.

Gununsesi.info