
Ermənistanın keçmiş müdafiə naziri, deputat Seyran Ohanyan və deputat Artsvik Minasyanın nədə ittiham olunduğu açıqlanıb.
Gununsesi.info “news.am”a istinadla xəbər verir ki, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və fraksiyanın katibi Artsvik Minasyana qarşı cinayət işinin başlanması üçün Ermənistanın baş prokurorluğu parlamentə vəsatət təqdim edib.
Ermənistan Baş Prokurorluğun məlumatına görə, Seyran Ohanyan 2008-ci il aprelin 14-dən 2016-cı il sentyabrın 9-dək Ermənistan müdafiə naziri vəzifəsini icra edərkən, 2010-cu ildən 2015-ci ilədək Qeqarkunik rayonu, Dratik küçəsi 17, p.1-də yerləşən 10526 kvadratmetr ərazini qanunsuz zəbt edib. Xüsusi mühafizə olunan ərazidə özünə malikanə tikib və polis tərəfindən mühafizəsini təşkil edib.
Bundan əlavə, Seyran Ohanyan yuxarıda qeyd olunan torpaq sahəsinin hansı pulla aldığını açıqlamamaq üçün saxta sövdələşmə həyata keçirib.
Guya o, ərazini “Sevan” Milli Parkı” MTK-dan icarəyə götürüb.
Seyran Ohanyan 2021-ci il avqustun 2-dən deputat vəzifəsini tutaraq, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim etdiyi bəyannamələrdə 10526 kvadratmetr torpaq sahəsini gizlədib. Faktiki olaraq ona məxsus olan “Sevan” MTK və onun mülkiyyətində olan binalar barədə məlumatlar gizlədilib.
Artsvik Minasyan isə 2016-cı il sentyabrın 27-dən 2018-ci il mayın 12-dək ekologiya naziri vəzifəsini tutarkən, “Sevan” Milli Parkının İdarə Heyətinin sədr müavini olub. O, Seyran Ohanyana qanunsuz əməllərini həyata keçirməkdə köməklik göstərib.